Minimalizm və memarlıq
Minimalizm memarlıqda sadəlik, funksionallıq və zərif estetik prinsipləri ifadə edir. Bu yanaşma, mürəkkəb detallardan uzaq, məkanın istifadəsini və təcrübəni ön plana çıxaran dizaynları vurğulayır. Minimalist memarlıq həm gündəlik həyatın rahatlığını artırır, həm də vizual olaraq sakit və balanslı mühit yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında memar Cahid Həsənov bildirib ki, artıq bütün dünya yaşıl şəhər modelinə keçir və bu dəyişiklik minimalist yanaşmaları daha da aktual və rahat tətbiq olunan bir istiqamətə çevirir:
"Hazırda şəhərlərin planlaşdırılmasında mənzərəli, istirahət xarakterli sahələr, geniş və açıq məhəllələr salınır. Bu isə minimalist dizaynın əsas prinsiplərinə sadəlik, zəriflik, təbiətə yaxınlıq tam uyğun gəlir. Keçmişdə şəhər və bina sıxlığı, ağır beton konstruksiyalar dizayn prosesini çətinləşdirib. Məsələn, bir binanın yanında digərinin tikilməsi, üçüncü bir strukturun ona əlavə olunması memarın işini məhdudlaşdırıb. Lakin bu gün həmin ərazilər sökülərək yaşıllıqlarla əvəz olunur və belə məkanlarda minimalizm daha sərbəst və estetik şəkildə tətbiq edilə bilir. Bu gün şəhər məkanlarında beton kütlələrin azalması, geniş açıq sahələrin yaradılması minimalist memarlıq üçün geniş imkanlar yaradır. Təbii elementlərdən istifadə, funksional, lakin estetik məkanların qurulması bu yanaşmanın üstünlüklərindəndir".
Gövhər Mehyəddinova
