Mir Teymur Məmmədovun Ev-Muzeyi
Mir Teymur Məmmədovun ev muzeyi, keramika sənətinin incəliklərini nümayiş etdirən unikal bir məkan kimi ziyarətçiləri qarşılayır. Mən də yaxın günlərdə ziyarət etdim bu muzeyi və hər guşəsində sənətkarın zəhməti və yaradıcılığının hiss olunmasına şahid oldum.
Ev muzeyində Mir Teymur Məmmədovun 60 ildən artıq yaratdığı keramika əsərləri, heykəllər və nəqqaşlıq nümunələri sərgilənir. Sənətkarın əsərlərində həm Azərbaycan xalqının mədəni irsi, həm də gündəlik həyatının detalları əks olunur. Maraqlısı odur ki, Mir Teymur həm də yunan miflərinə aid mövzularla bağlı əsərlər yaradır, hər işində hekayəni və simvolikanı ön plana çıxarır.
Söhbət əsnasında Mir Teymur bildirdi ki, muzeyi ərsəyə gətirmək onun üçün uzun və zəhmətli bir proses olub tam 30 il ərzində bütün əsərləri toplamaq, dizayn etmək və məkanı yaratmaq üçün çalışıb. O, ziyarətçiləri şəxsən qarşılayır, onların suallarını cavablayır və hər birinə keramika sənətinin incəliklərini izah edir.
Keramika işlərinin hazırlanma prosesi isə ardıcıl və diqqətli mərhələlərdən ibarətdir:
1.Xam torpaq və xüsusi gil qarışımı – Mir Teymur müəllimin istifadə etdiyi gil onun xüsusi qarışımlarından hazırlanır.
2. Formaya salma – Torpaq ya əllə, ya da keramika dəyirmanları vasitəsilə istədiyi forma verilir.
3. Qurudulma – Formaya salınmış işlər təbii şəkildə qurudulur, kiçik çatların əmələ gəlməsi qarşısı alınır.
4. Bişirmə (Fırınlama) – Qurumuş keramika işləri yüksək temperaturda fırında bişirilir.
5. Boya və sırma tətbiqi – Dekorativ rəng və sırma qatları ilə əsərlər bəzədilir.
6. Son bişirmə – Boya və sırma tətbiqindən sonra əsərlər yenidən fırına verilir ki, rənglər möhkəmlənsin və parlaq görünsün.
Mir Teymur müəllimin sözlərinə görə hər keramika işi yalnız texniki bilik deyil, həm də ürəkdən gələn sevgi və səbr tələb edir. Bu muzey həm Azərbaycan keramika sənətinin zənginliyini nümayiş etdirir, həm də gənc sənətkarlar üçün böyük ilham mənbəyidir.
Ev muzeyi ziyarət etmək istəyənlər üçün Mir Teymur müəllim hər bir qonağı şəxsən qarşılayır və onların suallarına cavab verir, bu da məkana fərdi yanaşmanı və isti atmosferi təmin edir.
Ədilə Hüseynzadə
