Miras mübahisələrinin əsas səbəbləri: vəsiyyətnamə, gizlədilən əmlak və məcburi pay hüququ
Miras və vərəsəlik məsələləri cəmiyyətdə tez-tez mübahisələrə səbəb olur. Qanunvericiliyə görə vərəsələrin hüquqları müəyyən edilsə də, praktikada bir çox suallar yaranır.
Mövzu ilə bağlı vəkil Elcan Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi hallarda tərəflər miras əmlakının qeyri-bərabər şəkildə bölünməsini iddia edirlər:
"Miras bölgüsü zamanı ən çox rast gəlinən əsasən vəsiyyətnamələrin etibarsızlığı ilə bağlı mübahisələrdir. Miras qoyanın hər hansı bir vəsiyyətnaməsinin saxta olduğu, yəni onun düzgün şəraitdə yazılmadığı iddia olunur. Bunların hamısı vəsiyyətnamələrin etibarsızlığını əhatə edir. Bəzi hallarda tərəflər miras əmlakının qeyri-bərabər şəkildə bölünməsini iddia edirlər. Ümumiyyətlə, bölgünün düzgün olmadığı ilə bağlı məhkəmələrdə mübahisə açırlar. Daha sonra ən çox rast gəlinən hallardan biri əmlakın gizlədilməsidir. Tərəflərin özlərində sənədlərlə birlikdə hər hansı əmlak olur, amma onu notariusa təqdim etmirlər. Əmlakı bu formada gizlətməyə çalışsalar da, ancaq dövlət orqanlarına verilmiş sorğularla üzə çıxır. Bu da kifayət qədər rast gəlinən mübahisələrdən biridir. Faktiki istifadə ilə bağlı da mübahisələr mövcuddur. Vərəsəsi olmayan elə şəxslər olur ki, faktiki əmlakı uzun müddət istifadə edirlər. Eyni zamanda vəsiyyət yolu ilə nəinki şəxsin aktivləri, passivləri, yəni öhdəlikləri də keçir və bu öhdəliklərlə bağlı mübahisələr kifayət qədər rast gəlinir. Vərəsəlik iki üsulla şəxsə keçir. Vəsiyyətnamə yolu ilə verilir və ya qanun üzrə vərəsəlik əsasında yaranır. Vəsiyyətnamə ilə əmək qabliyyətli şəxs, 18 yaşından yuxarı olan şəxs öz əmlakını istənilən şəxsə vəsiyyət edə bilər. Burada da hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, vəsiyyətnamə verəndə şəxsin qanun üzrə vərəsələrinin həmin əmlakdan məcburi pay hüququ qorunub saxlanılır. Əsas məsələ ondan ibarətdir ki, qanun üzrə vərəsələr ilk növbəlik əsasında Mülki Məcəlləyə əsasən bölünür. Burada da birinci növbədə ölən şəxsin övladları, həyat yoldaşı varsa onlar hesab olunur və valideynlər, onlar birinci dərəcəli vərəsələr hesab edilir. Bu şəxslər varsa artıq, əmlak digər ikinci, üçüncü dərəcəli və daha uzaq qohumlara demək olar ki, keçmir. Bu halda da, vəsiyyətnamə olsa belə qeyd edilən şəxslərin məcburi pay almaq hüququ var. Məsələn bir şəxs hər hansı bir əmlakını vərəsəlik yolu ilə verib və həmin vəsiyyətnamədə göstərilməyən övladı olsa belə həmin əmlakdan 1/4 miqdarında məcburi pay hüququ qorunur. Əmlakın qəbul edilməsi ilə bağlı Mülki Məcəllədə dəyişiklik edilib, şəxs 3 ay ərzində notariusa müraciət edərək əmlakını qəbul etməlidir".
Samirə Allahverdizadə