Mirzə Ələkbər Sabir- Satiranın güclü səsi və xalqın maarifçisi
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə Ələkbər Sabir öz satirik yaradıcılığı ilə cəmiyyətin problemlərini, savadsızlığı, ədalətsizliyi və geriliyi kəskin şəkildə tənqid edib. Onun əsərləri təkcə yaşadığı dövr üçün deyil, bu gün də aktuallığını qoruyur. Sabirin yaradıcılığı xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və ədəbiyyatın inkişafına böyük töhfələr verib. Onun doğum günü Azərbaycan ədəbiyyatının bu böyük söz ustadını yad etmək, irsini öyrənmək və gələcək nəsillərə tanıtmaq üçün əhəmiyyətli bir gündür.
Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qərənfil Dünyaminqızı “İnformator.az”a açıqlamasında bildirib ki, Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin” ədəbi məktəbinin yetirmələrindən biridir:
“Azərbaycan ədəbiyyatında və mətbuatında mollanəsrəddinçilər bir ədəbi məktəb yaradıblar - realistlər məktəbini. Mirzə Ələkbər Sabir isə bu məktəbin içində bir məktəb yaradıb - Azərbaycan satirik şeir məktəbini. Bu, Sabirin dahililiyindən, böyüklüyündən irəli gəlib ki, o, özündən sonra saysız-hesabsız Sabirlər yetişdirib. Azərbaycan satirik şeir məktəbi yolunda onun davamçıları meydana gəlib. Təbii ki, Mirzə Ələkbər Sabir XX əsrin əvvəllərində dövrü mətbuatın bir çox orqanlarında- “İrşad”, “Həyat”, “Günəş”, “Səda” və.s qəzet və jurnallarda çıxış edib. Amma o, təkcə Azərbaycana deyil, bütün Şərq və Türk dünyasına tanıdan, Sabiri satirik şeir məktəbinin banisi edən məhz “Molla Nəsrəddin” olub. Mollanəsrəddinçilər hər zaman başda Cəlil Məmmədquluzadə olmaqla, ona həm yaradıcılığında, həm də şəxsi həyatında dəstək oldular, dayaq olublar. Bu gün də onun anım günüdür. Mirzə Ələkbər Sabir cismani olaraq ölüb, amma ruhən bu gün yaşayır. Çünki onun yazdıqları bu gün də olduqca aktualdır. “Daş qəlbli insanları neylərdin, ilahi?”. Bu gün də belə daş qəlbli, insanlıqdan çıxmış insanlar var. Bəxtiyar Vahabzadənin dediyi kimi: “Qorxuram elə bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə.” İnsanlığını öldürən, insanlığını itirən o qədər insanlar var ki, baxırsan, Sabir sanki onları bu gün yazıb. Onun yaradıcılığı həmişə aktual olacaq. Çünki onun müraciət etdiyi mövzular hər zaman öz aktuallığını qoruyub saxlayıb. Əsərlərində ən çox tənqid etdiyi problemlər qadın azadlığı, elmin və maarifin təbliği, insanların elmdən və maarifdən uzaq düşməsi idi. Bu hallar Sabiri çox incidib. O bunlara acıyaraq gülüb. Elə buna görə də yaradıcılığında bu mövzulara geniş yer verib. Qadınların təhsil alması, ümumiyyətlə, insanların təhsilə cəlb edilməsi, yeni üsullu məktəblərin açılması, qızların təhsilə cəlb olunması kimi məsələlər onun yaradıcılığında mühüm yer tutan mövzulardan olub”.
Professor qeyd edib ki, Sabirin yaradıcılığı öz dövrünün cəmiyyətinə çox böyük təsir göstərib:
“Dırnaqarası mollalar, şeyxlər, axundlar onu sevmirdilər, kafir adlandırırdılar. Əsərlərini çap etdirməkdə çətinlik çəkib, maddi baxımdan da ağır vəziyyətdə yaşayıb. Çünki o, dövrün problemlərini çəkinmədən insanların üzünə deyib. Bu da bir daha Sabirin böyüklüyündən irəli gəlib. Burada çox maraqlı bir faktı da qeyd etmək istərdim. Mirzə Ələkbər Sabirin yaradıcılığı təkcə Türk dünyasında və Şərq aləmində deyil, Avropada və Qərbdə də tanınıb. Mən “Azərbaycan mətbuatşünaslığının inkişafı və təşəkkülü” adlı bir məqalə hazırlayarkən Azərbaycan mətbuatının tarixi və yaradıcı şəxsiyyətləri haqqında dünya mətbuatının nə düşündüyünü araşdırmışdım. Bu araşdırma zamanı dünya mətbuatında “Molla Nəsrəddin”, xüsusilə də Sabir haqqında çoxsaylı yazılara rast gəldim. Onun yaradıcılığı haqqında Fransa mətbuatında, Almaniyada çap olunan qəzetlərdə və bir çox digər qəzet və jurnallarda məlumatlar verilib. Xüsusilə, onun şəxsiyyəti və yaradıcılığı yüksək qiymətləndirilib. Bununla bağlı daha geniş məlumatı filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və Azərbaycan publisistikası ilə bağlı monoqrafiyalarında görmək mümkündür. O bu əsərlərində Sabir yaradıcılığına dünya alimlərinin münasibətindən geniş bəhs edir və onların Sabiri çox yüksək qiymətləndirdiklərini qeyd edir. Çünki onun müraciət etdiyi mövzular ölməz mövzulardır. Sabiri tənqid atəşinə tutan o daş qəlbli insanlar dünən də var idi, bu gün də var, sabah da olacaq”.

Cavahir Əsgərbəyli