Pompeiopolis qədim şəhərində mühüm arxeoloji tapıntılar aşkarlanıb
Türkiyənin Kastamonu vilayətində yerləşən Pompeiopolis qədim şəhərində aparılan qazıntılar zamanı eramızın IV əsrinə aid 105 kvadratmetr sahəsi olan döşəmə mozaikası və eramızın II əsrinin ikinci yarısına aid Eros başı aşkarlanıb.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Kastamonunun Taşköprü rayonundakı Pompeiopolis qədim şəhərində davam edən qazıntı, sənədləşdirmə və konservasiya işləri ilə bağlı sosial media hesabında açıqlama verib.
Eramızın II əsrinə aid Eros başı aşkarlanıb
Nazir Ersoy 2026-cı il ərzində aparılan işlər zamanı daha bir mühüm tapıntının üzə çıxarıldığını bildirib. O, eramızın II əsrinin ikinci yarısına aid Eros başının aşkarlanması barədə məlumat verib.
Bazilikanın ilk tikinti mərhələsinin də eramızın II əsrinin ikinci yarısına aid olduğunu bildirən Ersoy qazıntı, sənədləşdirmə və konservasiya işləri vasitəsilə Pompeiopolisin şəhərsalma və dini tarixini daha bütöv şəkildə ortaya çıxarmağa davam etdiklərini qeyd edib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Pompeiopolis Bazilikasında aparılan işlər tikilinin Roma İmperiyası dövründən Son Antik dövrə qədər keçirdiyi memarlıq və funksional dəyişikliklərin daha ətraflı şəkildə müəyyənləşdirilməsinə imkan yaradır.
İlkin tikinti mərhələsinə dair əldə edilən məlumatlar, Eros başı, Son Antik dövrə aid memarlıq elementləri və döşəmə mozaikaları Bazilikanın Pompeiopolisin şəhərsalma və dini tarixindəki yerinin daha yaxşı anlaşılmasına töhfə verir.
Mənbə: Hürriyet