Misraları ilə yaşayan şair
Bu gün Azərbaycan poeziyasının duyğu dolu misraları ilə yaddaşlara həkk olunan, şeirləri dillərdə mahnıya çevrilən görkəmli şair Nüsrət Kəsəmənlinin doğum günüdür. Onun yaradıcılığı sevginin, həsrətin, insan ruhunun ən incə çalarlarını özündə ehtiva edərək ədəbiyyatımızda xüsusi bir məktəb yaradıb.
Filoloq, yazar, pedaqoq, AJB- nin üzvü, Ədəbiyyat Fondunun əməkdaşı Ülviyyə Əbülfəzqızı "İnformator.az"a danışıb:
"Poeziya ilə qəlbi döyünənlər 29 Dekabr qəlblərdə öz "qələmi ilə" iz qoyan şairimiz Nüsrət Kəsəmənlinin doğum gününü, əlbəttə ki, xatırlayırlar.
Belə şairlər zamana meydan oxuyub daimyaşardır, çünki onların yaratdıqları əsər onları yaşadır, xatırladır.
Nüsrət Kəsəmənli sağlığında da " Sevgi şairi" adlandırılıb. Onun misralarından sevginin acısı və şirini ruhumuza hopur. Sevgi "bəlasına" tutulanlar bu təamı gözəl bilir. Nüsrət Kəsəmənlinin sevgi şeirlərində oxucu tam səmimiyyəti iliklərinə qədər hiss edir:
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Bu misralar çoxlarının dilində qəmli musiqi kimi səslənir. Qəlbdə gizlənən duyğuları şair sözə çevirib ruha təsir edir.
Poeziya aşiqləri Nüsrət Kəsəmənlinin acı həyat hekayəsi ilə tanışdır.
Əlbəttə, şairin fitri istedadı əsasdır, acı həyat hekayəsini məhz istedadı ilə nəzmə yükləmişdir, düşünürəm onun şeirlərinin səmimiyyəti həyat hekayəsindən də pay alır.
" Bəhanəsiz get"," İkimizin yerinə", " Oğru olmaq istəyirəm", " Hələ bu harasıdır?" və s. şeirlər hələ də oxunur, sevilir və müəllifini daimyaşarlar siyahısında saxlayır.
Gənc nəsil, təəssüf ki, hazırda mütaliəyə az yer verir, lakin az da olsa, mütaliə edənlər var. Təbii ki, ədəbiyyatın gənc nəslin formalaşmasında rolu danılmazdır. Sözün təsir gücü, eləcə də ruha toxunuşu böyükdür.
Şairin " Oğru olmaq istəyirəm" şeirində " oğurluq" etik-metaforik məna qazanır.
Şair "Şərdən şəri oğurlayıb dünyanı xilas etmək" istəyir.
Bu şeiri mən də qiraət etmişəm və çox sevildiyinin şahidi olmuşam.
Ədəbiyyatda, tarixdə qalmaq asan deyil, amma bunu qələmin gücü ilə bacaranlar var".

Zəri Bayramlı
