Məktəb psixoloqunun rolu və şagirdlər üçün əhəmiyyəti
Məktəblərdə psixoloqlar şagirdlərin emosional və sosial vəziyyətinə dəstək olmaq üçün çalışırlar. Lakin bir çox şagird psixoloqun nə iş gördüyünü və onun nə vaxt yardım edə biləcəyini tam bilmir. Psixoloqun məktəbdə mövcud olması və müxtəlif çətinliklərdə dəstək göstərməsi şagirdlərin rahatlığı və inkişafı üçün olduqca vacibdir.
“Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrət oğlu “İnformator.az”a açıqlamasında bildirib ki, məktəb psixoloqları yalnız problemlərin həlli ilə deyil, uşaqların sağlam psixoloji inkişafının təmin olunması ilə də məşğuldurlar:
“Onlar şagirdlərin emosional, sosial və davranış ehtiyaclarını dəstəkləyir, tədris prosesinin keyfiyyətini yüksəltməyə çalışırlar. Psixoloqlar stress, qorxu, həyəcan və özünəinam çatışmazlığı kimi hallarla mübarizədə uşaqlara kömək edir, yaşa uyğun emosional dəyişiklikləri izah edir və onları idarə etmə bacarıqlarını öyrədirlər. Həmçinin dostluq münasibətlərinin qurulması, münaqişələrin həlli, empatiya və komanda işi kimi sosial bacarıqların inkişafında da mühüm rol oynayırlar. Diqqət dağınıqlığı, öyrənmə çətinliyi və davranış pozuntuları olduqda psixoloq bu halları erkən aşkar edir və valideyn-müəllimlərlə birgə fərdi dəstək planı hazırlayır. Zorakılıq, aqressiya və sosial təcrid kimi riskli hallarla bağlı preventiv proqramlar hazırlamaq da onların əsas vəzifələrindəndir. Amma bir çox şagird psixoloqu tanımadığına görə onlara necə müraciət etməli olduqlarını bilmir. Psixoloq isə məxfi, dəstəkləyici və peşəkar şəkildə şagirdi dinləyən mütəxəssisdir. Hazırda psixoloqların fəaliyyəti şagird ehtiyaclarını tam qarşılamır. Əsas problem psixoloq-şagird nisbətinin çox yüksək olmasıdır. Bəzən bir psixoloq 600- 1500 şagirdə xidmət göstərir. Bu isə fərdi işin keyfiyyətini xeyli azaldır. Standartlara görə bir psixoloqa maksimum 300-400 şagird düşməlidir. Hal-hazırkı model əsasən problem yarandıqda müdaxiləyə əsaslanır. Müasir yanaşmada isə preventiv və davamlı dəstək əsas olmalıdır. Təəssüf ki, bir çox məktəbdə psixoloqlar yalnız qısa görüşlər keçirir, risk qruplarını əvvəlcədən müəyyənləşdirmək və sosial-emosional proqramlar hazırlamaq kimi fəaliyyətlər isə ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. Valideynlər və müəllimlər psixoloqu çox zaman yalnız “problemi olan” şagirdlərə yönləndirilən biri kimi görürlər. Bu yanaşma psixoloqun funksiyasını məhdudlaşdırır. Bir çox psixoloqun vaxtının böyük hissəsi sənədləşmə, hesabat və formal tədbirlərlə keçir. Nəticədə əsas fəaliyyət -fərdi və qrup dəstəyi, müşahidə və konsultasiya-arxa planda qalır. Digər ciddi problem isə şagirdlərin psixoloqu tanımamasıdır. Çox vaxt kabinet görünməz yerdə olur, tanıtım tədbirləri keçirilmir və şagirdlər psixoloqun kimliyindən xəbərsiz qalırlar. Psixoloq-şagird nisbəti normallaşdırılmalıdır, rayon səviyyəsində psixoloji xidmət mərkəzləri yaradılmalıdır, psixoloqların fəaliyyəti məktəbdə tanıdılmalı, təqdimat günləri təşkil olunmalıdır, şagirdlər üçün anonim müraciət sistemləri və sosial rubrikalar yaradılmalıdır, bu dəyişikliklər psixoloqun məktəbdəki rolunu gücləndirəcək və onları şagirdlər üçün daha görünən, əlçatan və faydalı edəcək”.
Mövzu ilə bağlı şagirdlərin fikirlərini də aldıq. Məryəm Hüseynova bildirib ki, psixoloq dərs aralarında və ya dərsdən sonra ümumi görüşlər təşkil edə, qrup oyunları və sual-cavab fəaliyyətləri keçirə bilər:
“ Şagirdlərin maraqlandığı mövzular üzrə söhbətlər təşkil olunması da faydalıdır. İmtahana hazırlaşan biri kimi o, stresslə mübarizə mövzusunda tədbir keçirilməsini arzuladığını deyib. Dünyagörüşünün inkişaf etdirilməsi və motivasiya artırıcı görüşlər də onun üçün faydalı olardı. Psixoloq səmimi və eyni zamanda ciddi olmalıdır ki, uşaq ona bir şey danışmaqdan çəkinməsin. Sakit və diqqət yayındırmayan otaqda baş tutan görüşlər daha rahat olur. Psixoloqun diqqətlə dinləməsi, səmimi və anlayışlı cavablar verməsi şagirdin daha rahat danışmasına kömək edir. Məxfilik isə ən vacib şərtdir”.
Ulduz Rəsulova isə psixoloqun tez-tez siniflərə gələrək qısa söhbətlər aparmasının vacibliyini vurğulayır:
“Onun fikrincə, qrup fəaliyyətləri və kiçik oyunlar psixoloqu daha yaxşı tanımağa kömək edir. İmtahan həyəcanı, dostluq, ünsiyyət və özünəinam mövzusunda tədbirlər də faydalıdır. Uşaq psixoloqun onu həqiqətən dinlədiyini görsə, özünü daha rahat hiss edir. Sakit və mehriban danışıq tərzi, eləcə də məxfiliyə inam danışmağı asanlaşdırır”.
Mələk Hüseynova
