00:00:00
Yazar
Admin User
15.12.2025 12:40 89 2 dəq oxuma
Sosial

Məktəbin ürəyi: kitabxanalar niyə əvəzolunmazdır?

Məktəbin ürəyi: kitabxanalar niyə əvəzolunmazdır?

Məktəb kitabxanaları şagirdlərin oxu mədəniyyətinin formalaşmasında, bilik axtarışında və müstəqil düşüncə bacarıqlarının inkişafında mühüm rol oynayır. Onlar tədris prosesini zənginləşdirən əsas bilik məkanlarından biridir.

 

Mövzu ilə bağlı kitabxanaçı Gunay Şəmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, məktəb kitabxanaları hər məktəbin ürəyi sayılır və şagirdlərin bilik dünyasına açılan əsas qapıdır:

 

“Onlar şagirdlərin oxu mədəniyyətini artırmaq və bilik axtarışını inkişaf etdirmək üçün müxtəlif yeniliklərə ehtiyac duya bilər. Məsələn, maraqlı oxu proqramları, rəqəmsal resurslar, yeni kitablar və interaktiv fəaliyyətlər onların kitabxanadan daha fəal istifadə etməsinə kömək edir. Kitabxana dərs prosesinə də böyük töhfə verir: şagirdlər burada əlavə məlumat və resurslar tapa, dərslərdə öyrəndiklərini dərinləşdirə və öyrənmə maraqlarını artıra bilərlər. Məsələn dərs müddətində keçdiyi əsərlərin kitablarını kitabxanadan götürüb oxuyaraq öz biliyini dərinləşdirə bilər. Müasir dövrdə elektron resurslar isə kitabxananın rolunu azaldan deyil, əksinə zənginləşdirir və şagirdlərin məlumat tapmasını asanlaşdırır”.

 

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, təəssüf ki, məktəb kitabxanaları daha çox paytaxt və iri şəhərlərdə fəaliyyət göstərir:

 

“Bölgələrdə isə əsasən rayon və şəhər mərkəzlərindəki məktəblərdə kitabxanalar var. Kənd məktəblərində isə demək olar ki, bu sahəyə maraq əvvəlki illərlə müqayisədə xeyli azalıb.Bunun əsas səbəblərindən biri də rəqəmsal resursların artmasıdır. Şagirdlər indi çox asanlıqla ağıllı telefonlar və digər cihazlar vasitəsilə ehtiyac duyduqları məlumatlara çıxış əldə edə bilirlər. Bu da təbii olaraq kağız daşıyıcılara-yəni ənənəvi kitablara olan tələbatı azaldır və məktəb kitabxanalarının rolunu zəiflədir. Məktəb kitabxanalarının vəziyyətinə gəldikdə, paytaxtda və bəzi iri şəhərlərdə bu kitabxanalar yaxşı vəziyyətdədir və sosial əhəmiyyət daşıyır. Amma ucqar bölgələrdə, xüsusən də kənd məktəblərində həm resurs çatışmazlığı, həm də şagirdlərin maraq səviyyəsinin aşağı olması ciddi problemlər yaradır. Düşünürəm ki, bu vəziyyətdən çıxış yollarından biri müəllimlərin sinifdənkənar oxu vərdişlərini təşviq etməsidir. Əgər müəllimlər şagirdlərə kitab oxumağı tapşırıq və ya layihə şəklində verərlərsə, bu zaman kitabxanalarla yenidən əlaqə qurula bilər. Ümumilikdə isə məktəb kitabxanalarının təhsil prosesindəki funksiyasını gücləndirmək üçün yeni yanaşmalara ehtiyac var”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər