00:00:00
Yazar
Admin User
10.12.2025 19:08 103 3 dəq oxuma
Sosial

Məktəblilər dönərdən zəhərlənib

Məktəblilər dönərdən zəhərlənib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün Gəncədə 10-a yaxın şagird dönərdən zəhərlənib.

 

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, belə qidaları qəbul edən insanlarda həzm sisteminin pozulması, eyni zamanda zəhərlənmə ilə nəticələnir:

 

“Son dövrlərdə dönərdən zəhərlənmə halları günü-gündən artır və xüsusilə də bu kimi hallar daha çox azyaşlılarda daha təhlükəli nəticələrlə sonlanır.

Burada əsas məsələ istifadə olunan qida məhsullarının, xüsusilə də ətlərin keyfiyyətsiz, ucuz, xəstə heyvan ətlərindən hazırlanması ilə yanaşı, eyni zamanda onun saxlama şəraitinin də düzgün olmamasından qaynaqlanır. Çünki əksər hallarda bildiyimiz kimi, ət daha yüksək temperaturda saxlanıldıqda tərkibindəki bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır. Eyni zamanda isə bəzən sanitar-gigiyena normalarına, qaydalarına əməl edilmədən hazırlanır. Belə olan halda həm fiziki çirklənmə, həm kimyəvi çirklənməyə məruz qalır ki, bu qidaları qəbul edən insanlarda həzm sisteminin pozulması və zəhərlənmə ilə nəticələnir.

Və xüsusilə də bu qidalarda istifadə olunan sintetik mənşəli monosodium qlutamat maddəsi var ki, el arasında Çin duzu kimi tanınır. Bu duzdan istifadə olunduqda, qida dadlı olmasa belə, insanlar arasında asılılıq yaradır və belə qidalardan davamlı istifadə etmək istəyirlər. Bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir. Çünki yeniyetmələrə, gənclərə, azyaşlılara bu kimi qidaları verdikdə ağızda ənənəvi dad reseptorları pozulduğu üçün davamlı olaraq bu qidalara tələbat olur.

Ancaq belə qidalar təbii ki, qəbul edən insanlarda hər hansı bir qidalılıq dəyəri olmayan, vitamin və mineral dəyəri olmayan məhsullar olduğundan orqanizmin inkişaf prosesi düzgün getmir.

Xüsusilə də dönərin yanında istifadə olunan ketçup və mayonezlər var ki, bunların bəzən istehsal tarixi və son istifadə müddəti bilinmir. Çünki böyük qablarda istifadə edilir və dönər bişirilən yerdə isti şəraitdə, açıq saxlanılır. Bu zaman onların tərkibi dəyişir və həmin məhsullar da zəhərlənməyə səbəb ola bilər.

Həmçinin istifadə olunan göyərtilər, tərəvəzlər təmiz yuyulmadıqda, işçi heyət sanitar-gigiyena qaydalarına əməl etmədikdə, tibbi müayinədən keçmədikdə bu qidaların hazırlanması zamanı sağlamlıq problemləri yaranır. Buna görə də əl üstü, yol kənarında satılan, mənşəyi bəlli olmayan qidalardan birmənalı şəkildə uzaq durmaq lazımdır.

Eyni zamanda dönər satılan məkanlarda vaxtında dezinfeksiya işləri və həşəratlara, gəmiricilərə qarşı profilaktik tədbirlər aparılmadıqda, onlardan yoluxma və qidanın çirklənməsi riski artır. Buna görə alınan məhsulların mənşəyinə, məkanın təmizliyinə, satıcının qida ilə təmasda əlcəkdən istifadə etməsinə və gigiyenaya əməl olunmasına diqqət etmək vacibdir ki, belə xoşagəlməz hallar yaşanmasın”.

 

 

Aydan Əsgərxanlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər