Əmlak qeydiyyatı və hüquqi problemlər
Əmlakın qeydiyyatı və sənədləşdirilməsi hər bir insanın öz mülkiyyət hüququnu rəsmi şəkildə təsdiqləməsi üçün vacibdir. Amma bu proses bəzən çətinliklər yaradır və sənədlərdəki problemlər vətəndaşların əmlak üzərində tam hüquq əldə etməsinə mane ola bilər.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Cavaşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, sistemin təkmilləşdirilməsi üçün qeydiyyatsız yaşayış evlərinin rəsmiləşdirilməsi prosesi sürətləndirilməlidir:
"Əmlak qeydiyyatı zamanı vətəndaşlar daha çox sənədlərin natamamlığı, bələdiyyə sənədlərinin reyestrə daxil edilməməsi və özbaşına tikililərin hüquqi statusu ilə bağlı çətinliklərlə daha çox üzləşirlər. Qeydiyyat prosesi mülkiyyət hüququnu təsdiq edən ilkin sənədlər əsasında müraciət, əmlakın texniki inventarizasiyası və məlumatların dövlət reyestrinə daxil edilərək çıxarışın verilməsi mərhələlərindən ibarətdir. Bu proses hazırda əsasən, ASAN xidmət vasitəsilə həyata keçirilir və vətəndaşların mülkiyyət hüquqlarının rəsmi təsdiqini təmin edir.
Sistemin təkmilləşdirilməsi üçün qeydiyyatsız yaşayış evlərinin rəsmiləşdirilməsi prosesi sürətləndirilməlidir. Həmçinin arxiv sənədlərinin tam elektronlaşdırılması başa çatdırılmalıdır. Müxtəlif dövlət qurumları arasında inteqrasiya olunmuş vahid elektron bazanın yaradılması bürokratik ləngimələri aradan qaldıra bilər. İslahatlar əsasən qeydiyyat müddətinin qısaldılmasına, rüsumların optimallaşdırılmasına və vətəndaşların mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına xidmət etməlidir".

Samirə Allahverdizadə