Moldova: Rusiya sərhədimizə yaxınlaşsa, Rumıniya ilə birləşəcəyik
“Moldova hakimiyyəti Rusiya ordusunun Ukraynadakı müharibə fonunda ölkənin sərhədlərinə yaxınlaşdığını hesab etsə, Rumıniya ilə birləşmə barədə referendum təşkil edə bilər”.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dünyada böyük güclərin əks qütblərdə üz-üzə gəlməsi prosesi gedir ki, bu əyani müharibədən daha çox gərginlik yaradır:
“Çünki mövqelər bəzən məlum olmur və nəticəni hesablamaq da çətinləşir. ABŞ-nin Venesuelaya və digər ölkələrə açıq iddiası əslində mahiyyəti etibarı ilə Rusiyanın Ukraynaya təcavüzünün leqallaşdırılmasına yardım edir. Çünki bir işğalçı digər işğalçıya niyə işğalla məşğul olduğunu deyə bilməz. Bu günlərdə BMT-nin baş katibi də açıq elan edib ki, artıq təşkilatın TŞ-nın bir əhəmiyyəti qalmayıb. Yəni daha dünya birliyindən ədalət gözləmək olmaz. Eyni zamanda insan haqları ilə bağlı da bu belədir. Bundan sonra dünyada ədalət və ədalətli olan yox, güc və güclü olan hakim olacaq. ABŞ əvvəllər ərəb ölkələrində terrorçu qruplar yaradır, sonra həmin ölkələrə qarşı sanksiyalar tətbiq edərək xalqı başçıya qarşı qaldırır, sonda da diktator adı ilə onu devirib ölkəni işğal edir. Yəni yaratdığı terror təşkilatının törətdikləri onun əlində bəhanəyə çevrilirib. Hazırda bu miqyasın daha da genişləndirilməsini müşahidə edirik. ABŞ-nin Venesuela və digər ölkələri ələ keçirmək üçün əvvəlcə Rusiyanın Ukraynaya qarşı işğalına imkan yaradılıb. İndi isə digər qütbdə dayanan ABŞ öz növbəsində öz payına düşən işğalları həyata keçirir. Rusiya və ABŞ-nin addımları konkret olaraq dünyanı parçalayıb bölüşdürmək uğrundadır. Moldova üçün sağ qalmaq, yaşamaq suverenliyin qorunmasından daha önəmli faktora çevrilib. Rumıniya ilə Rusiya təhlükəsi ərəfəsində birləşib sonra zəmin yarandığı təqdirdə yenidən referendum keçirib ayrıla bilərlər. Bunu indiki birləşmə haqqındakı referendum zamanı müddəa olaraq qəbul etmək də mümkündür. Bu addım təbii ki, regional durumu dəyişəcək. Rusiya təhlükəsi ABŞ və Avropanın diqqətini daha çox bu ölkələrə cəlb edəcək. Nəticədə ikinci cəbhə açıla bilər. Avropa İttifaqının buna münasibəti önəmli olmaya bilər. Çünki hazırda Ukrayna ilə bağlı bu birliyin xilas mexanizmi effekt vermir. Odur ki, NATO-nun da buna münasibəti həlledici mərhələ üçün önəmli olmaya bilər. Ukraynadakı müharibə fonunda regional balans pozulur və ABŞ-Rusiya arasında soyuq müharibənin aktiv mərhələsinə keçidi sürətləndirir. ABŞ əvvəl gündən müdaxilə edir. Əvvəlcə Rusiyanın qol-budaqlarını budamağı düşünür. Əvvəlcə Suriyanın keçmiş rejimi, Venesuela, hazırda İran hədəfdədir ki, bu ölkələr Rusiya üçün önəmli dəstək xarakteri daşıyıb. Tədricən Çinə də təsir göstərib Rusiyadan uzaqlaşmasına nail olacaqlar. Beləcə Rusiyanı təcrid edib son anda geri çəkilməyə məcbur duruma salacaqlar. Hazırda bu mərhələ başa çatmayıb, hələ İran üzərində iş gedir. Ona görə Moldova və Ukrayna məsələsində Qərbin həlledici addımları gecikir. Çünki İran və digər budaqları budamaq üçün hələlik Rusiyanın başını Ukraynada qurmaq lazımdır. Necə ki, Venesuelaya qarşı baş verənlərə Rusiyanın təsirli müqaviməti baş verməyib. Hazırda bu, İranla da bağlıdır. Əgər Ukrayna müharibəsi olmasa ABŞ və İsrailin İrana hücumu böyük risk daşıyır. Odur ki, bütün bu proseslər əlaqəlidir və əsl mahiyyətin ortaya çıxmasına da çox qalmayıb”.
Aytac İbrahimova
