00:00:00
Yazar
Nərmin Həşimova
07.05.2026 23:11 21 4 dəq oxuma
Maraqlı

“Molla Nəsrəddin”in “Neştər” imzalı yazarı

“Molla Nəsrəddin”in “Neştər” imzalı yazarı

XIX əsrin sonu, XX əsrin əvvəlləri Naxçıvanda Məhəmməd Tağı Sidqi, Məmmədqulubəy Kəngərli, Məhəmməd Əli Sidqi, Qurbanəli Şərifzadə, İsa Sultan Şahtaxtinski və Eynəli bəy Sultanov kimi maarifpərvər, vətənpərvər ziyalılar təkcə Naxçıvanda deyil, bütöv Azərbaycanda maarifin, təhsilin, yeniliyin təbliği üçün böyük və xeyirxah işlər gördülər. Bu böyük işlərin nəticəsi idi ki, ömrü boyu təmənnasız olaraq xalqının xoşbəxtliyi və azadlığı yolunda mübarizə aparan Mirzə Cəlillər, Hüseyn Cavidlər yetişdi…


Belə maarifpərvər xeyirxahlardan biri də Eynəli bəy Sultanov idi. O, 1866-cı ildə Naxçıvanda Çölü kişinin ailəsində anadan olub və ilk təhsilini də dini məktəbdə alıb. Əlbəttə, bu təhsil nə onu, nə də ailəsini qane etmirdi. Ona görə də əvvəl İrəvan “Kişi gimnaziyası”nda, sonra isə Tiflisdə “Klassik gimnaziya”da təhsilini davam etdirir. Tiflisdə oxuyarkən rus dilini yaxşı öyrənən Eynəli rus və Qərbi Avropa ədəbiyyatı klassiklərinin yaradıcılığını dərindən öyrənməyə başlayır.
 
Təhsilini başa vuran Eynəli tərəddüd etmədən Naxçıvana qayıdır və burada maariflə, elmlə, onun təbliği ilə məşğul olmağa başlayır. Böyük mülkə sahib olan Eynəli bəy 1907-ci ildə Naxçıvan şəhəri ətrafındakı ata-baba torpaqlarının böyük bir qismini yoxsul kəndli ailələrinə bağışlayır. Gənc Eynəlinin bu işi əksər Naxçıvanlıları təəccübləndirsə də, bir qrup ziyalıları sevindirir. Onlar Eynəlinin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda “Ziyalılar məclisi” və “Müsəlman incəsənəti və dram cəmiyyəti” təşkil edirlər. Bu cəmiyyətin və məclisin köməkliyi ilə Naxçıvanda yeni üsullu məktəblər açılır, teatr tamaşaları göstərilir. Teatr tamaşalarının təşkilində yaxından kömək edən Eynəli bəy, hətta özü də teatrda oynayır. Xalqın əksəriyyətinin savadsızlığı, xüsusən də kəndlilərin savadsızlıqdan əziyyət çəkməsi onu narahat edirdi. Əsas da məhkəmələrdə hüququnu bilməyən kəndlilər hər dəfə haqsızlıqların qurbanı olduqları üçün Eynəli bəy bir müddət İrəvan dairə məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi vəzifələrində işləyərək onların hüquqlarını müdafiə edir. Bütün varlığı ilə xalqının tərəqqisinə çalışan Eynəli Sultanov xatirələrində yazırdı ki: “Mənim xalqım! Səni azad, insanlar içində azad, xoşbəxtlər içində xoşbəxt görə biləcəyəmmi?”. Əlbəttə, Naxçıvanda belə bir maarifpərvər gəncin olması Mirzə Cəlilin də diqqətindən yayınmır. 1887-ci ildə Mirzə Cəlil ilk dəfə Eynəli bəylə tanış olur (sonra bu tanışlıq ömürlük dostluğa çevrilir). Bu o vaxt idi ki, M.Cəlil Qori Müəllimlər Seminariyasını yenicə başa vuraraq “Zaqafqaziya tədris dairəsi rəisinin 939 saylı məktubu ilə” Uluxanlı məktəbinə müəllim təyin edilmişdi. İllər sonra bu haqda Mirzə Cəlil yazır: “Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda… özümdən artıq hüşyar dostlarıma rast gəldim… Mənim səsimə səs verən sirdaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu.”
 
Eynəli bəyin Mirzə Cəlillə və Azərbaycanın ilk jurnalistlərindən olan İsa Sultan Şahtaxtinski ilə dostluğu istər-istəməz onu mətbuat, söz aləminə meylləndirib (Eynəli Sultanov İsa Sultan Şahtaxtinski ilə birlikdə on ildən çox Karsda hərbi qubernatorun dəftərxanasında işləyib).
 
Maarifin təbliğində mətbuatın gücünü dərk edən Eynəli bəy Sultanov “Molla Nəsrəddin”ə kimi 1890-cı ildən başlayaraq “Tərcüman”, “Kaspi”, “Kavkaz”, “Novoe obozrenie”, “Sankt-Peterburqskie vedomosti” kimi dövrün məşhur mətbuat orqanlarında müntəzəm olaraq publisistik məqalələri ilə çıxış edərək elmi xalq arasında təbliğ edib. Müəllif bu məqalələrində tərəqqinin qayğısına qalan maarifpərvər ziyalıları rəğbət hissi ilə anırdı.
 

Eynəli Sultanov jurnalistlik yaradıcılığı ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olub.
“Tatarka” pyesini, “Qurd balası”, “Calma”, “Xan, nə xan”, “Cənub gecələri”, “Seyidlər” və s. hekayələrini yazıb. Artıq 1904-cü ildə E.Sultanovun imzası ilə “Şərqi-rus”da, 1907-dən “Molla Nəsrəddin”də, sovet dövründə isə “Dan yıldızı”, “Yeni fikir” kimi qəzet və jurnallarda görünməyə başlayır. Hətta “Qafqaz kommunası” qəzetinin redaktoru da olub. L.Tolstoy, M.Qorki kimi rus klassiklərindən tərcümələr edərək qəzetlərdə çap etdirib.
Yuxarıda qeyd etdik ki, Mirzə Cəlil seminariyanı bitirib Naxçıvanda müəllimlik edən illərdə Eynəli bəylə dostluq edib. Geniş mütaliə dairəsi olan Eynəli bəyin köməyi ilə Mirzə Cəlil Avropa və rus mədəniyyəti ilə daha yaxından tanış olur.
 

İllər sonra o, böyük bir qələm əhli olmasında Eynəli bəyə öz minnətdarlığını 13 iyul 1925-ci ildə yazdığı məktubunda belə bildirirdi: “…qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsi ilə oxuduğunuz kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edirdiniz. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın mən də qeyr-sadə kənd müəllimlərinin içində yaddan çıxmışdım.”
 
Tədqiqatçıların fikrincə, “Molla Nəsrəddin”də, əsasən, “Neştər” imzası ilə müxtəlif satirik janrda yazan E.Sultanov başqa mətbuat orqanlarında “Dəli”, “Naməlum”, “Eynəli”, “Ayn-Sin” imzalarından istifadə edib. 1908-ci ildə Naxçıvandan Tiflisə köçən Eynəli bəy bir müddət burada yaşayır. Mollanəsrəddinçilərlə daha yaxından təmasda olur. Bu da onun yaradıcılığına öz müsbət təsirini göstərir.


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#Eynəli Sultanov #imza #Neştər #publisistika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər