Örnək ola biləcək bir ailə
Bu gün ölkəmizdə ən aktual problemlərdən biri gənclərin mənəvi tərbiyəsi problemidir desək, mənə elə gəlir ki, heç də yanılmarıq. Baş alıb gedən boşanmalar, erkən nigahlar, övladların tərbiyəsinin düz qurulmaması, soy-kökdən uzaqlaşma, Avropaya meyillik nəticəsində bayağı “müasirləşmə” və s. bu kimi problemlər Azərbaycan ailəsinin faciəsinə gətirib çıxarır. Bunların əsas bir səbəbi var. Ailədə qarşılıqlı hörmətin, səmimiyyətin, inam hissinin və təmənnasız sevginin olmaması. Kimlər üçünsə bunlar mənasız görünə bilər. Amma bunlar bir ailənin təməl gücünü təşkil edən ən əsas, vacib amillərdir.
…Yadıma Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Firidun bəy Köçərlinin və daha bir neçə söz sahibinin ömür-gün yoldaşlarının ailəyə münasibətləri haqqında oxuduqlarım və eşitdiklərim düşdü. Öz övladlarından əlavə, evində on yetim uşağa baxan, onların təhsil-tərbiyəsi ilə məşğul olan Hənifə xanım və böyük bir təsərrüfatı idarə etməklə yanaşı, Mirzə Cəlilin və onun qələm yoldaşlarının qulluğunda durardı. Həmidə xanımın sədaqəti, dəyanəti, ailədə baş verən hər bir çətinliyi xanım-xatınlığı ilə yoluna qoyması bu gün Azərbaycanın gənc analarına örnək ola biləcək bir nümunə deyilmi?
Doğrusunu deyim ki, Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım haqqında yetərincə yazılıb. Onu oxucum xeyirxah, alicənab, alicənlı bir qadın kimi tanıyır. Lakin bu yazımda daha çox Mirzə Cəlillə Həmidə xanımın arasında olan böyük və saf məhəbbətdən yaranan hörmətdən, izzətdən danışmaq istərdim. Bu faktı təsdiq edəcək yüzlərlə xatirələr, məqalələr, məktublar var. Həmidə xanım Mirzə Cəlilin ömür-gün yoldaşı olmaqla yanaşı, həm də amal, məslək sirdaşı idi.
Oxuduqlarımızdan belə bəlli olur ki, Mirzə Cəlil çox xeyirxah, səmimi olduğu qədər də təbiətən çox həssas, tez inciyən bir insan olub (Bu yəqin ki, onun yaradıcılıq xüsusiyyətindən irəli gəlib). Həmidə xanım isə bu həssaslığı hər an duyaraq anlayışla qarşılayıb. Hətta Mirzə Cəlil özü də xasiyyətinin ağır olmasını etiraf edirmiş. Həmidə xanımla ailə qurduqdan illər sonra Mirzə Cəlil bir dəfə Həmidə xanıma deyibmiş ki: “…mən ailə həyatı üçün yaranmamışam. Əslində dərvişvari bir adamam, xasiyyətim ağırdır, əsəbiyəm. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən”.
…Həmidə xanım Mirzə Cəlillə ailə qurmaq istərkən atasının yaxın dostu və ailənin şəxsi həkimi Kərim bəy Mehmandarovun tövsiyəsi ömürlük onun qulaqlarında sırğa olaraq qaldı: “Mirzə böyük istedadı olan şəxsiyyətdir. Ehtiyatlı olun, onu qorumaq üçün çox şeydə güzəştə getmək lazımdır”. Bu güzəştin, qarşılıqlı anlaşmanın, hörmətin, böyük sevginin, sayğının nəticəsində Həmidə xanım təkcə Mirzə Cəlilin deyil, onun qələm yoldaşlarının, yaxın qohum-əqrəbasının da sevimlisi oldu.
1911-ci ilin isti yay günlərinin birində Həmidə xanım bərk xəstələnir. Bu haqda öz xatirələrində yazırdı: “Elə ağır xəstə idim ki, məni xəstəxanaya aparmaq belə qorxulu idi. Mirzə çox çətinliklə məni Tiflisə gətirdi. Mayın 13-də Tiflisin ən yaxşı həkimləri yığılıb cərrah Kumontun başçılığı ilə məni operasiya etdilər. Özümə gələndə çarpayımın başında Mirzə ilə onun qardaşı Mirzə Ələkbəri gördüm. Mirzə çox məyus halda üzümə baxırdı, Ələkbər isə ağlayırdı və əllərini göyə qaldıraraq “İlahi, Həmidə xanımın əvəzinə məni öldür”,-deyə Tanrıya yalvarırdı.
“Məlumat” qəzetinin 7 avqust 1911-ci il tarixli, 32-ci sayında Üzeyir Hacıbəylinin “İdarəyə məktub”u çap olunmuşdu. Məktubda bildirilir ki, M.Ə.Sabirin səhhəti çox ağır olduğu üçün Həmidə xanım onu Tiflisə gətizdirmiş və burada şairin müalicəsinə başlanılıb. Sonda Üzeyir bəy yazırdı ki: “Qoy ədəbiyyat tarixində yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən kişi olmasa da, bir nəfər arvad oldu ki, şairin iadeyi-səhhəti üçün milyonçu kişilərə rəğmən öz varlığından keçəcək qədər böyük bir himayə göstərdi”.
Həmidə xanım bütün bunları təbii ki, ilk an Mirzə Cəlilin xatirinə edirdi. Deməli, Həmidə xanımın Mirzə Cəlilin həyatında və yaradıcılığında çox mühüm yeri vardır. Onların 25 il sürən ailə həyatı çox mürəkkəb və çətin illərə təsadüf etsə də, Həmidə xanım bu çətinliklərin dəf edilməsində hər an ömür-gün yoldaşına dayaq olmuşdur. Sözsüz ki, Mirzə Cəlil kimi bir dahi sənətkar öz ömür-gün yoldaşının dünyagörüşünə, həyata baxışına müsbət təsir göstərməyə bilməzdi. Dövrünün bir çox xanımlarından fərqli olaraq Həmidə xanımın ictimai-siyasi həyatda fəallıq göstərməsi, yalnız Azərbaycanda deyil, dünyada baş verən hər bir siyasi-mədəni hadisə ilə maraqlanaraq Mirzə ilə fikir mübadiləsi etməsi Mirzəni çox sevindirirdi. Çünki Həmidə xanım Mirzənin yalnız həyat yoldaşı deyil, həm də məslək, amal yoldaşı idi. 14 iyun 1911-ci ildə Mirzə Cəlilin Tiflisdən Həmidə xanıma göndərdiyi məktubdan bəlli olur ki, ona pul ilə yanaşı rus dilində olan qəzetləri də göndərməyi unutmur: (Həmidə xanım rus dilini gözəl bilirmiş) “Həmidə, sənə rus qəzetlərini də göndərirəm. İrandakı hadisələrdən və başqa əhvalatlardan xəbərdar olarsan…”.
Mirzə Cəlil özü də Tiflisdə, dünyada baş verən hadisələr haqqında Həmidə xanıma vaxtaşırı yazaraq onu bu hadisələrdən məlumatlandırırdı. 14 fevral 1912-ci ildə yenə də Tiflisdən göndərdiyi məktubdan: “Rus qoşunları İrandan qayıdır. Tripolidə böyük vuruşma olub, türklər qalib gəliblər. Ona görə də İtaliya Kiçik Asiyadakı türk limanlarını bombardman eləyib”.
Bildiyimiz kimi, Mirzə Cəlil “Molla Nəsrəddin”i Bakıda çap edə bilmədiyi üçün Tiflisə üz tutmuşdu. Aylarla ailəsindən uzaq olan Mirzə Cəlil və Həmidə xanım üçün bu çox çətin idi. Gah Kəhrizlidə, Tiflisdə, Bakıda, gah da Şuşada olan ailəni idarə etmək heç də asan deyildir. Mirzə Cəlil bəzən bir neçə ay ailədən uzaq olurdu. Amma Həmidə xanımın alicənablıqla, işgüzarlıqla ailəni və təsərrüfatı idarə edə bilməsi bu çətinliklərin aradan qaldırılmasına səbəb olurdu. Məktubların birində hiss olunur ki, Mirzə xanımı və uşaqları üçün çox darıxıb: “Əzizim Həmidə! Necəsən? Uşaqlar necədir? Yəqin ki, siz də mənim kimi çox darıxırsınız? Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Amma jurnalı da işlərini qaydasına qoymaq lazımdır. Tez-tez özün və uşaqlar haqqında yaz. Əzizim Həmidə… Hələlik sağ ol.
Sənin Cəlilin. 11 iyul, 1917”.
Mirzənin məktublarında həm də bir qayğıkeşlik hiss olunur. “Həmidə, dəmir yolu ilə gələndə, yumşaq vaqona bilet alarsan, çünki xəstəsən, gərək yolu rahat gələsən”.
1930-cu illərdə baş verən hadisələr, hökumətin Mirzə Cəlilə soyuq münasibəti Həmidə xanımı çox narahat edirdi. O, bu haqda yazırdı: “1930-cu ilin iyun ayında Bakıya gəldim. Şəhər çox isti idi. Adətən biz belə aylarda kənddə olardıq. İndi Mirzənin işlərindən və səhhətindən çox nigaran idim. Mirzə Cəlil çox qocalmışdı, görkəmi yaxşı deyildi. Jurnalda işləri düz getirmirdi. Ailə böyük olduğundan dolandırmaq çətin idi. Bütün bunlar Mirzə Cəlilin səhhətinə mənfi təsir göstərirdi. Çox narahat idim. Bilmirdim nə edim? Mirzənin əsəbləri yaman korlanmışdı. Köhnə dostumuz həkim İbrahim bəy Mehmandarovdan Mirzə Cəlili müalicə etməyi xahiş etdim…”.
Bundan sonra yazılan xatirələrdə və məktublarda Həmidə xanımın Mirzə Cəlilin səhhəti ilə bağlı narahatlığı daha çox hiss olunur. O bütün gücü ilə Mirzə Cəlilin səhhətinin qayğısına qaldığını qeyd edirdi. Ailənin və işlərin bütün ağırlığını öz üzərinə götürən Həmidə xanım gah kəndə, gah da şəhərə üz tuturdu… Bax, budur əsl təmənnasız ailə sevgisi, qayğısı, sayğısı.
BDU-nun professoru Qərənfil Dünyaminqızı