Sağlığında dirisi, öləndə ölüsü qısqanılan dahi
…1937-ci ilin 30 apreli. Mərkəzin “xeyir-duası”, yerli “baş bilənlərin” böyük qardaşlarına sədaqəti ilə Azərbaycanda hər gün bir ailənin yox, bir elin-obanın, nəslin ocaqlarının söndürüldüyü günlər. Belə bir od-alovun, qasırğanın arasında dahi Üzeyir bəyin “Koroğlu” operasının ilk tamaşası keçirildi. Başdan-ayağa milli vətənpərvərlik ruhunda bəstələnən bir şedevr. Hər sözündə, notunda insanın bütün varlığına hakim kəsilən, duyğularını oyadan, onda vətən, millət məhəbbəti aşılayan dahiyanə bir əsər. Belə bir zamanda haradan idi Üzeyir bəydə bu güc, bu cəsarət?
1920-ci ilin sonlarından 1937-ci ilin əvvəllərinə kimi olan dövri mətbuatı gözdən keçirirəm. Şura hökumətinin “qələbəsindən” (məhz işğalından) ruhlanıb saatda bir “əsər” yazanlarımız dövrü mətbuatda Üzeyir bəyi susmaqda günahlandıraraq, tənqid, məzəmmət edirdilər.
Tənqid demiş, burada bir haşiyəyə çıxmaq yerinə düşərdi. 20-ci yüzilliyin əvvəllərində çap olunan dövrü mətbuatdakı materiallar ilə tanış olarkən belə bir faktla rastlaşdım ki, dövrün söz-qələm sahibləri arasında dahi Hüseyn Cavid və Üzeyir bəy qədər haqsız tənqidə məruz qalan olmayıb (Kimlər idi bu tənqidin müəllifləri. Həmişəki kimi, ədəbi mühitə dünən qədəm qoyan, ədəbiyyat, söz aləmində naşı olan “Şura tənqidçiləri”). Amma bu tənqidlərin heç birinə onların nə münasibəti, nə də cavabı ilə rastlaşmadım. Oxuduqlarıma və eşitdiklərimə görə (rəhmətlik Qulam Məmmədlinin və Qılman İlkinin söylədikləri), nə Cavid əfəndi, nə də Üzeyir bəy onları tənqid edənlərə nəinki münasibət bildirməz, heç əhəmiyyət belə verməzdilər (Rəhmətlik anam demiş “hər deyilən söz, söz olsaydı nə var idi”).
Əslində Cavid və Üzeyirsəvməzlər “pəhləvanlar meydanında qarğı atlarına seyrəngah tapmışdılar”. Çox yaxşı qanırdılar və duyurdular ki, haqsızdırlar. Lakin haqqı görmək və duymaq üçün gözlərini və qulaqlarını bərk-bərk qapamışdılar.
Cümhuriyyətin süqutundan sonra hər gün, hətta hər anı narahatlıqla yaşayan, susan Üzeyir bəy əslində susmayıbmış. Publisistikanın dili ilə deyə bilmədiklərini, on-on beş il sonra musiqinin ecazkar dili ilə dedi Üzeyir bəy. Demək, bu illər ərzində susmayıbmış. Dilinin, qələminin söyləyəcəklərini qəlbi ilə, baxışları ilə deyirmiş. İstedadlı yazıçımız Rafael Hüseynov demiş: “Belə susa bilmək böyük sənətkarların bioqrafiyasında həmişə diqqəti cəlb edib. Belə susmaq da var, susmağa vadar olmaq da var”.
Bəlkə də bu susmaq Zərdabinin vətəndə yeganə qalmış övladı Soltan xanımı, başsız qalmış Cavid əfəndinin ailəsini və onlarla ona belə ehtiyacı olanları qorumaq, yaşatmaq üçün idi. Bütün ömrünü, varını xalqının savadlanması yolunda qurban verən Zərdabinin vətəndə qalan ikicə övladından oğlu Midhət 1935-ci ildə həbs edilərək güllələndi, qızı Soltan xanım isə “ruhi xəstə” adı ilə cəmiyyətdən uzaqlaşdırıldığı bir vaxtda Üzeyir bəy hər ay aylıq məvacibindən 50 manat Soltan xanıma ayırdı. Bu faktla Üzeyir bəyin qardaşı Ceyhun bəyə yazdığı məktublarda rastlaşdım. Cavid əfəndi tutulandan sonra isə bu ailəyə yalnız (heç Cavid əfəndinin qohum-əqrəbası da yox) Üzeyir bəy və Abdulla Şaiq sahib durdu. Bunu Cavid əfəndi həbs ediləndən sonra oğlu Ərtoğrulun Üzeyir bəyə yazdığı məktublardan Müşkünaz və Turan xanımın xatirələrindən öyrənirik.
“Hörmətli Üzeyir bəy!
…Yeganə narahatlığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçasında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.
Hörmətlə əllərinizi sıxıram.
Tələbəniz Ərtoğrul. 25 fevral 1942”.
Üzeyir bəy Turan xanımı işə düzəltmək üçün o zaman Radio Verilişləri Komitəsinin sədri Hüseyn Şərifova zəng edir. Deyilənə görə o zaman Üzeyir bəyi anlayanlar və duyanlar arasında (məhz anlayanlar və duyanlar ha!) onun sözünü yerə salmaq anlayışı yox imiş. Beləliklə, Üzeyir bəyin bir zəngi ilə Turan xanım işə düzəlir…
…Yazını sona yetirərkən operanın xanəndəsi Yavər Kələntərlinin xatirələri əlimə düşdü. 1937-ci ildə ömür-gün yoldaşından ayrılan Yavər xanım, 1939-cu ildə tək maddi imdadı olan bircə balası 18 yaşlı Şəhbazı itirir. Bundan sonra qət edir ki, bir də oxumasın. Bir neçə ay evdə oturur, işə getmir. Hər ay Üzeyir bəy onun maaşını evə göndərirmiş. Bir gün Üzeyir bəy Yavər xanımgilə gəlir, uzun-uzadı söhbətdən sonra Üzeyir bəyin üzündən keçə bilməyən Yavər xanım yenidən işə qayıdır. Sonralar Yavər xanım yazırdı ki: “İkinci böyük zərbə mənə Üzeyir bəyi itirəndə oldu. Arxam, dayağım Üzeyir bəy də vəfat etdi. Üzeyir bəyin tabutu başında ağı deyirdim. Gözümdən yaş axa-axa oxuyurdum. Birdən nəzərim Mircəfərə sataşdı. Arxamda dayanmışdı. Səsimi xırp kəsdim…”.
Bəli, Üzeyir bəyin ölüsünə də, dirisinə olduğu kimi bir qısqanclıq var idi bu “başbilənlərdə”. Amma Üzeyir bəy də Üzeyir bəy idi ki, yoxluğu da varlığı kimi əzizlənirdi. Allah sənə qəni-qəni rəhmət eləsin mələk simalı insan. Kaş bir daha Ulu Tanrı bu xalqa Üzeyirlər, Cavidlər, Mirzə Cəlillər, Ağaoğlular bəxş edəydi…
BDU-nun professoru Qərənfil Dünyaminqızı