Moped sürənlərə SON XƏBƏRDARLIQ: Bu tarixdən sonra cərimələr başlayır!
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətindəmühüm dəyişikliklər gündəmdədir. “Yol hərəkəti haqqında” qanuna təklif edilən yeni dəyişikliklərə əsasən, moped və kiçik mühərrikli nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qaydaların sərtləşdirilməsi nəzərdə tutulur.
Ölkədə minlərlə vətəndaş moped sürsə də, onların böyük əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyatı var. Bu isə yol hərəkətində həm təhlükəsizlik, həm də hüquqi məsuliyyət baxımından ciddi problemlər yaradır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a bildirib ki, bizim bəzi gənc vətəndaşlarımız ya bilərəkdən, ya da bilməyərəkdən mopedlə yol hərəkəti qaydalarını tez-tez pozurdular:
“Bununla bağlı Dövlət Yol Polisi də bir neçə dəfə çağırış etdi, maarifləndirici söhbətlər apardı. Buna baxmayaraq, yenə də belə qəzaların sayı azalmadı və bu səbəbdən də artıq qərara gəlindi ki, mühərrik həcmi
yalnız 50 kub santimetrdən yuxarı deyil, həm də 50 kub santimetrdən aşağı olan
mopedlərin idarə olunması üçün də sürücülük vəsiqəsi və dövlət nömrə nişanı tələb olunsun".
Mövzu ilə bağlı “İnformator.az”ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, moped sürücülərinin törədiyi yol-nəqliyyat hadisələrinin və qayda pozuntularının qarşısının alınması məqsədilə normativ hüquqi bazada müvafiq dəyişikliklər edilib:
“Bu dəyişikliklər sürücülərin məsuliyyətinin artırılmasına və yol hərəkətində təhlükəsizliyin təmin olunmasına xidmət edir. Yeni qaydalara əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq”.
Qurum rəsmisi əlavə edib ki, müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə əvvəlcədən qeydiyyat-imtahan məntəqələrinə müraciət etmələri tövsiyə olunur:
“Bütün prosedurlar vahid qaydada tətbiq edilir və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin olunur. Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur".
Onu da qeyd edək ki, təkcə 2025-ci il ərzində moped sürücülərinin təqsiri səbəbindən ölüm və xəsarətlə nəticələnən 37 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 11 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mehriban Yariyeva