Mövsümündən kənar meyvələr: sağlamlıq üçün gizli təhlükə?
Son illərdə supermarket rəflərində ilin istənilən vaxtında müxtəlif meyvələrə rast gəlmək mümkündür. Bu rahatlıq istehlakçı üçün cazibədar görünsə də, mütəxəssislər mövsümündə olmayan meyvələrin tərkibində daha çox kimyəvi maddələrin ola biləcəyini bildirirlər. Xüsusilə sürətlə yetişdirilən və uzun müddət saxlanılan məhsullarda pestisid və konservant qalıqları qalaraq insan sağlamlığı üçün risk yarada bilər.
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, meyvə-tərəvəz düzgün yuyulmalı və mövsümündə istehlak olunmalıdır:
“Bütün meyvə-tərəvəz məhsullarının ölkəmizdə yetişən növləri mövcuddur. Bəzi məhsullar isə həm ölkəmizdə yetişdirilir, həm də mövsümündən kənar dövrlərdə xarici ölkələrdən idxal olunur. Bu cür meyvə və tərəvəz məhsullarını istifadə etməzdən əvvəl onların satın alındığı market və ya bazarlarda müşayiət sənədləri, yəni idxal sağlamlıq aktları və fitosanitar sertifikatları ilə tanış olmaq vacibdir. Məhsullar mütləq şəkildə yaxşı yuyulmalı və sanitar-gigiyenik şəraitdə saxlanmalıdır. Ümumiyyətlə, meyvə-tərəvəz məhsulları ilə bağlı zəhərlənmə halları nadir hallarda baş verir. Lakin əsas diqqət edilməli məqam məhsulların yuyulduqdan sonra soyuducuda saxlanılması, axar su altında yaxşı təmizlənməsi və dezinfeksiya olunmasıdır. Mütəxəssislər mövsümündən kənar meyvələrin deyil, məhz mövsümündə yetişən məhsulların istehlakını tövsiyə edirlər. Mövsümü olmayan dövrlərdə isə həmin meyvələrdən hazırlanmış kompot, konserv, püre və cemlərin istifadəsi daha məqsədəuyğun hesab olunur. Ümumilikdə, orqanizm mövsümə uyğun qidalanmaya daha yaxşı uyğunlaşır. Buna görə də meyvə istehlakı mövsümi qaydada tənzimlənməlidir. Ən vacib qaydalar isə bunlardır: meyvə və tərəvəzlərin dezinfeksiya edilərək yaxşı yuyulması, nəmli və günəş altında olan mühitdə saxlanmaması, gündəlik istehlaka uyğun miqdarda alınması. Həddindən artıq meyvə-tərəvəz qəbulu və qidadan dərhal sonra meyvə yeyilməsi həzm sistemində narahatlıqlara, hətta qəbizliyə səbəb ola bilər. Bundan əlavə, bir meyvədə olan fiziki və ya mikrobioloji çirklənmənin digər məhsullara keçməməsi üçün meyvə-tərəvəzlər mütəmadi yoxlanmalı və nəzarətdə saxlanmalıdır”.

Arzu Poladova