Mərkəzi Bank rəqəmsal valyutanın tətbiqi üzrə yol xəritəsi hazırlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal valyutanın tətbiqi ilə bağlı siyasət məqsədlərinin müəyyənləşdirilməsi və müvafiq yol xəritəsinin hazırlanması istiqamətində işlərini davam etdirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, rəqəmsal valyutanın dövriyyəyə buraxılması geniş şəkildə müzakirə olunan məsələlərdəndir:
"Əslində, bu məsələyə iki yanaşma mövcuddur. Birincisi, elektron pulların dövriyyəyə buraxılması, ikincisi isə virtual pulların tətbiqidir. Elektron pullarla bağlı Azərbaycanda artıq bir sıra işlər görülüb. Mərkəzi Bank bu istiqamətdə lisenziyaların verilməsi prosesi həyata keçirir.
Virtual pulların dövriyyəyə buraxılması isə daha zaman alan bir prosesdir. Bu pullar qlobal maliyyə və valyuta sistemində artıq müəyyən paya malikdir. Lakin hələlik Azərbaycanda bu istiqamətdə praktiki addımlar müşahidə olunmur. Buna baxmayaraq, qlobal maliyyə sistemində baş verən dəyişikliklərə Azərbaycan maliyyə sisteminin də reaksiya verməsi çox vacibdir.
Əsas məqsəd nağdsız ödənişlərin payını artırmaqdır. Rəqəmsal pulların tətbiqi bu istiqamətdə böyük fayda verəcək. Lakin risklər də mövcuddur. Bu risklər əsasən bank fırıldaqları və hesabların hədəfə alınması ilə bağlıdır. Virtual pullar üçün də bu təhlükələr keçərlidir. Buna görə, texnoloji baxımdan ciddi və etibarlı mexanizmlərin tətbiqinə ehtiyac var.
Rəqəmsal valyutanın mərhələli şəkildə tətbiqi bu risklərin azaldılmasına və prosesin daha təhlükəsiz formada idarə olunmasına imkan yaradır. Beləliklə, beynəlxalq təcrübəyə uyğun şəkildə, mərhələli tətbiq daha məqsədəuyğundur".
Aişə Mustafayeva
