Mərkəzi Bankda "Makro-iqtisadi dayanıqlılıq" alt işçi qrupu iclası keçirilib
Azərbaycan Mərkəzi Bankında sentyabrın 4 - də "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası" nın hazırlanması məqsədi ilə yaradılmış "Makro-iqtisadi dayanıqlılıq" üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Bu mövzu ilə bağlı olaraq iqtisadçı Rəşad Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, işçi qrupunun fəaliyyətini müəyyən etmək çətin məsələdir:
"Makroiqtisadi dayanıqlılıq üzrə alt işçi qrupu 2027-2030-cu illər üzrə sosial iqtisadi inkişaf strategiyasının hazırlanması prosesi çərçivəsində formalaşdırılmış işçi qrupudur. Burda əsas məqsəd məhz müvafiq strategiyanın qarşıya qoyacağı məsələlərin aydınlaşdırılması, çağırışların müəyyən edilməsi, bu çağırışlara uyğun olaraq həllərin formalaşdırılması və tədbirlərin müəyyən edilməsi məsələsidir. Bu işçi qrupunun fəaliyyətinin təsirlərini indiki şərtlər daxilində müəyyən etmək çox çətindir, çünki bu strategiyanın hazırlanması zaman tələb edir və faktiki olaraq bu işçi qrupların hansı məsələlərin müzakirə edildiyi tam olaraq aydın deyil. Hansı tədbirlərin hansı çağırışlara qarşı müəyyən edilməsi ictimailəşdirilmir, ictimailəşdirilsə belə indiki şərtlər daxilində ciddi əhəmiyyət daşımır. Ona görə ki, bu uzunmüddətli bir prosesdir,hökümətin bütün strukturları arasında razılaşmanı tələb edən və təsdiq edildikdən sonra icrası dəqiqləşən bir prosesdir. Yalnız 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyası təsdiq edildikdən sonra bunun iqtisadiyyata, rifaha eyni zamanda biznes mühitinə hansı formada təsir edəcəyi ilə bağlı müəyyən gözləntiləri proqnozlaşdırmaq olar. Amma aydın məsələdir ki, qarşıda duran çağışlar 2027-2030 - cu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ölkənin maliyyə sisteminin daha da gücləndirilməsi və kapitallaşma imkanının genişləndirilməsi asılılıqların azaldılması, işğaldan azad olunmuş ərazilərin bərpası prosesi, ölkənin daxili və xarici təhlükəsizliyi, idxaldan asılılığın azaldılması, qiymət stabilliyi, və məzənnə risklərinin neytrallaşdırılması və yaxud da idarə olunan çərçivədə formalaşmasının təmin edilməsi kimi məqsədlərə, hədəflərə xidmət göstərməlidir. Böyük ehtimalla 2026-cı ilin 1-ci yarısında biz artıq müvafiq strategiyanın parametrlərini daha dəqiq şəkildə müzakirə etmək imkanı əldə edəcəyik".
Arzu Poladova
