00:00:00
Yazar
Admin User
15.10.2025 16:34 164 2 dəq oxuma
İqtisadiyyat

Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edir

 

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Mövzu ilə əlaqədar olaraq iqtisadçı ekspert Famil Niftiyev "İnformator.az" a açıqlamasında bildirib ki, qızılın bahalaşması bəziləri üçün iqtisadi üstünlük, bəziləri üçün isə risk mənbəyidir:

 

"Ümumiyyətlə, son günlər qızılın qiymətinin artmasının bir neçə əsas səbəbi var. Bu da ABŞ-də və digər inkişaf etmiş ölkələrdə inflyasiyanın davamlı yüksək səviyyədə qalması, investorların dəyərini qoruyan aktivlərə, xüsusilə qızıla yönəlməsi ilə bağlıdır. ABŞ - nin faiz dərəcələrinin azaltması ehtimalı dolların zəifləməsinə gətirib çıxarır ki, bu da qızılın qiymətini artırır. Çünki qızıl dollarla qiymətləndirilir.
Bundan başqa, Yaxın Şərqdə və Asiyada artan geosiyasi gərginliklər, həmçinin qlobal iqtisadi qeyri-müəyyənlik, investorların riskdən qaçmaq meyillərini gücləndirir. Bu, sualın birinci tərəfidir.Qızılın qiymətinin yüksəlməsi adətən investorların riskli aktivlərdən uzaqlaşması ilə müşahidə olunur. Bu, səhm bazarında enişə, kapitalın istiqrazlara və əmtəələrə yönəlməsinə səbəb ola bilər. Qızıl bahalaşdıqca bu, həm də inflyasiya gözləntilərini artırır, o cümlədən əmtəə qiymətlərinin ümumi səviyyəsinə təsir göstərir. Mərkəzi banklar isə belə şəraitdə monetar siyasəti sərtləşdirə bilər ki, bu da iqtisadi artımı ləngidə bilər.
Digər tərəfdən, qızıl istehsal edən ölkələr üçün qiymət artımı müsbət təsir yaradır, onların ixrac gəlirlərini və büdcə gəlirlərini artırır. Yəni qızılın bahalaşması bəziləri üçün iqtisadi üstünlük, digərləri üçün isə maliyyə risklərinin artması deməkdir.Qızılın qiymət artımı investorlar üçün həm mənfəət, həm də risk mənbəyidir. Qiymət yüksələn zaman erkən alım edənlər böyük gəlir əldə edirlər. Ancaq bazar çox sürətlə bahalaşdıqda, süni şişkinlik yarana bilər. Qızıl faiz gəliri gətirmədiyinə görə uzunmüddətli dövrdə alternativ investisiyalarla müqayisədə daha az cəlbedici ola bilər. Həmçinin qiymətin müəyyən psixoloji həddə çatması, investorları satışa sövq edə bilər ki, bu da qiymətin kəskin enməsi ilə nəticələnə bilər.Yaxın dövrdə qızılın qiymət artım trendinin davam etməsi ehtimalı yüksək qiymətləndirilir. İnflyasiyanın tam nəzarət altına alınmaması, ABŞ və Avropa Mərkəzi Banklarının faiz siyasəti ilə bağlı qeyri-müəyyənliklər, həmçinin geosiyasi gərginliklər qızıl üçün əlavə dəstək yaradır. Əgər Federal Ehtiyat Sistemi faiz endirilməsinə getsə və dollar zəifləsə, bu, qızılın qiymətini daha da artıracaq. Lakin qısa müddətli dövrdə texniki baxımdan müəyyən korreksiya, yəni qiymətlərin azacıq geri çəkilməsi mümkündür. Uzunmüddətli perspektivdə isə iqtisadi və siyasi qeyri-sabitlik fonunda qızılın yüksək səviyyədə qalacağı proqnozlaşdırılır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər