00:00:00
Yazar
Admin User
22.12.2025 18:54 98 2 dəq oxuma
İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Dünya əmtəə bazarlarında qiymətli metallarda artım müşahidə olunub. Qızıl və gümüşün fyuçers qiymətləri yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,99 % artaraq 4 430,80 ABŞ dolları səviyyəsinə çatıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiymətində baş verən dəyişikliklər çox hallarda qısa müddətli, saniyə-saniyə dəyişən bir prosesdir:

 

"Ona görə də bu gün dediyimiz rəqəm sabah dəyişə, iki saatdan sonra fərqli ola bilər. Bu baxımdan, qiymətlərlə bağlı proqnozlar adətən illik verilir. Günlük və ya həftəlik dəyişikliklər isə əsasən treyderlərin maraq dairəsində olur. Qızılın qiymətinin artmasının əsas səbəbi qlobal qeyri-müəyyənlik və siyasi-iqtisadi gərginliklərdir. Xüsusilə də Donald Trump-ın yenidən gündəmə gəlməsi ilə bu qeyri-müəyyənlik daha da artıb. Trump-ın impulsiv siyasətləri, sərt addımlar atması və ABŞ-nin digər ölkələrlə, xüsusilə Çinlə münasibətlərinin kəskin pisləşməsi qızılın qiymətinə birbaşa təsir göstərir. Məsələn, son bir il ərzində qızılın qiymətində 69%-ə yaxın artım qeydə alınıb. İlin əvvəlindən bu yana isə təxminən 71-75% artım müşahidə olunur. Gələcək üçün də artım gözlənilir, amma bu dəfə daha aşağı templə təxminən 5-10% civarında. ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın rezervləri dondurulub. Bu hadisə digər ölkələr üçün də xəbərdarlıq oldu. Nəticədə Azərbaycan, Türkiyə, Çin, Hindistan, Braziliya kimi dövlətlər ehtiyatlarını qızıla çevirirlər. Məqsəd odur ki, gələcəkdə hər hansı valyuta problemi yaranarsa, bu ehtiyatlar asanlıqla istifadə olunsun.ABŞ-də faiz dərəcələrinin aşağı salınması da qızılın qiymətinə təsir göstərir. Faizlər endikcə dolların dəyəri azalır və insanlar daha çox qızıla yönəlirlər. Donald Trump-ın iqtisadi siyasəti də ucuz pul siyasətini dəstəkləyir. Onun fikrincə, ABŞ-də faiz dərəcələri 2-2.5% civarında olmalıdır. Bu siyasət davam edərsə, qızılın qiymətinin artması qaçılmaz olacaq.

 

Ümumilikdə isə, dünya üzrə maliyyə bazarlarında qeyri-müəyyənlik və gərginlik artdıqca, qızıl daha da dəyər qazanacaq. Çünki bu metal həm dövlətlər, həm də fərdi investorlar üçün etibarlı sığorta rolunu oynayır. Nəticə olaraq, qızılın qiymətindəki artım müvəqqəti deyil, daha çox qlobal proseslərin nəticəsidir. Siyasi gərginliklər, iqtisadi qeyri-sabitlik, faiz siyasətləri və beynəlxalq sanksiyalar qızılı ön plana çıxarıb. Gələcəkdə də bu tendensiyanın davam edəcəyi gözlənilir. Ona görə də həm fərdi investorlar, həm də dövlətlər üçün qızıl ehtiyatları strateji baxımdan mühüm əhəmiyyət daşıyır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər