00:00:00
Yazar
Zəhra Həsənova
07.05.2026 20:37 26 2 dəq oxuma
Sosial

Əmtəə nişanı nəyə xidmət edir? - Hüquqşünas açıqlayır

Əmtəə nişanı nəyə xidmət edir? - Hüquqşünas açıqlayır

Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır. Müasir biznes dünyasında əmtəə nişanı sahibkarlıq fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Əmtəə nişanı qeydiyyatı yalnız sənəd işi deyil, həm də brendin və ixtiranın dəyərini qoruyan mühüm hüquqi addımdır.

 

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, qeydiyyatdan keçmiş əmtəə nişanı üzərində müstəsna hüquq onun sahibinə məxsus olur:

 

"Əmtəə nişanları ilə bağlı məsələlər “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Əmtəə nişanı bir şəxsə və ya müəssisəyə məxsus məhsul və xidmətləri digərlərindən fərqləndirməyə xidmət edən işarədir. Bu işarə söz, ad, loqo, hərf, rəqəm, təsvir, rəng kombinasiyası və ya onların birləşməsindən ibarət ola bilər. Əmtəə nişanının əsas məqsədi məhsul və xidmətləri fərqləndirmək, sahibinin hüquqlarını qorumaq, istehlakçının məhsulun mənbəyini tanımasına kömək etmək, eyni zamanda bazarda tanınma və nüfuz yaratmaqdır. Qanunvericiliyə əsasən sözlər, adlar, hərflər, rəqəmlər, loqolar, təsvirlər, qablaşdırma formaları, rəng və rəng birləşmələri, kombinə edilmiş nişanlar, bəzi hallarda isə səs nişanları əmtəə nişanı kimi qeydiyyata alına bilər. Bunun üçün əsas şərt nişanın fərqləndirici xüsusiyyətə malik olmasıdır. O, başqa şəxsin qeydiyyatdan keçmiş nişanı ilə eyni və ya çaşdıracaq dərəcədə oxşar, həmçinin qanuna və ictimai maraqlara zidd olmamalıdır. Qeydiyyatdan keçmiş əmtəə nişanı üzərində müstəsna hüquq onun sahibinə məxsus olur. Buna görə də digər şəxslər sahibin icazəsi, lisenziya müqaviləsi və ya qanuni əsas olmadan həmin nişandan istifadə edə bilməzlər. İcazəsiz istifadəyə eyni nişanın məhsul üzərində yerləşdirilməsi, oxşar loqodan istifadə, saxta məhsul istehsalı, reklam və internet domenlərində istifadə halları daxildir. Belə vəziyyətlərdə hüquq sahibi məhkəməyə müraciət edərək istifadənin dayandırılmasını, vurulmuş zərərin ödənilməsini və məhsulların dövriyyədən çıxarılmasını tələb edə bilər. Əgər nişan fərqləndirici deyilsə, ümumi istifadə olunan ad və işarələrdən ibarətdirsə, məhsulun növünü, keyfiyyətini və xüsusiyyətlərini yalnız təsvir edirsə, dövlət rəmzləri və bayraqlardan icazəsiz istifadə olunursa, ictimai əxlaq və humanizm prinsiplərinə ziddirsə, yaxud əvvəl qeydiyyata alınmış nişanla eyni və ya oxşardırsa və istehlakçını çaşdırmaq ehtimalı yaradırsa, həmin əmtəə nişanının qeydiyyatından imtina edilir".

 

Samirə Allahverdizadə

#Hüquq #qanun #nişan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər