00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 21:17 33 3 dəq oxuma
Sosial

Müəllim peşəsi niyə cəlbediciliyini itirir? – Təhsil sahəsində narahatlıq artır

Müəllim peşəsi niyə cəlbediciliyini itirir? – Təhsil sahəsində narahatlıq artır

Son illər müəllim peşəsinə marağın azalması təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Ekspertlər hesab edir ki, əməkhaqqı, iş yükü, sosial status və psixoloji gərginlik kimi amillər gənclərin bu peşəyə marağını azaldır.

 

Mövzu ilə bağlı abituriyent Duyğu Mustafayeva bildirib ki, müəllimlik ixtisasını seçmək istəyərdim, çünki uşaqlarla işləməyi və bildiklərimi paylaşmağı sevirəm:

 

"Müəllim cəmiyyət üçün vacib peşədir və gələcəyin formalaşmasında böyük rol oynayır. Amma əməkhaqqı və iş şəraitinə görə tərəddüd edən gənclər də çoxdur. Əgər müəllimlərə daha çox dəyər verilsə və şərait yaxşılaşdırılsa, bu peşəyə maraq daha da artar".

 

Mövzu ilə bağlı müəllim Səma Mustafayeva bildirib ki, bugünkü şərtlərdə müəllim işləməyin ən çətin tərəflərindən biri həm iş yükünün çox olması, həm də məsuliyyətin ağır olmasıdır:

 

"Müəllim yalnız dərs keçməklə kifayətlənmir, eyni zamanda sənədləşmə, hesabatlar və digər əlavə işlərlə də məşğul olur. Bununla yanaşı, bəzi hallarda əməkhaqqının görülən işə tam uyğun olmaması və cəmiyyətdə müəllim peşəsinə əvvəlki kimi yüksək nüfuz verilməməsi də müəllimləri çətin vəziyyətdə qoyur".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva bildirib ki, müəllimlik peşəsinin nüfuzunun azalması təkcə maaş məsələsi deyil, bu, həm də cəmiyyətin müəllimə münasibəti, iş şəraiti və təhsil siyasəti ilə bağlı kompleks problemdir:

 

"Bu peşənin əvvəlki cəlbediciliyini bərpa etmək üçün dövlət bir neçə istiqamətdə paralel addımlar atmalıdır. İlk olaraq, ən vacib addımlardan biri əməkhaqlarının artırılması və rəqabətədavamlı səviyyəyə çatdırılmasıdır. Gənclər uzunmüddətli və məsuliyyətli peşə seçərkən ilk növbədə maddi təminata baxırlar. Müəllim maaşları digər ixtisaslarla müqayisədə geri qalanda təbii ki, peşə cazibəsini də itirir. Xüsusilə, gənc müəllimlər üçün əlavə güzəştlər, regionlarda çalışanlara stimul paketləri tətbiq olunmalıdır. Doğrudur, sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin əməkhaqqlarına 10% və 35% artımlar edilir və ucqar regionlarda dərs keçən müəllimlərə də əlavə ödənişlər olunur. Amma bu yenə də müəllimlik ixtisasının cəlbediciliyini kifayət qədər artırmağa kömək etmir. Digər bir addım isə  müəllimin sosial nüfuzunun gücləndirilməsidir. Bir zamanlar müəllim cəmiyyətin ən hörmətli simalarından biri hesab olunub. Bu nüfuzun bərpası üçün mediada müəllim obrazının daha müsbət təqdimatı, uğurlu müəllimlərin ictimai şəkildə təşviqi və dövlət səviyyəsində müəllim əməyinə verilən dəyərin artırılması vacibdir". 

 

 Mütəxəssis qeyd edib ki, "müəllimlər çox vaxt dərs deməkdən daha çox hesabat, sənədləşmə və texniki işlərlə məşğul olurlar. Bu isə həm motivasiyanı azaldır, həm də peşəkar tükənməyə səbəb olur. Müəllim əsas diqqətini şagirdin inkişafına yönəldə bilməlidir". 

 

"Məktəbdə müəllim-şagird-valideyn münasibətlərində artan gərginlik müəllim peşəsini emosional baxımdan ağırlaşdırır. Məktəblərdə psixoloji dəstək mexanizmləri gücləndirilməli, müəllimin hüquqları daha effektiv qorunmalıdır. Müəllim öz inkişafını hiss etmədikdə peşəyə bağlılıq zəifləyir. Müasir təlimlər, beynəlxalq proqramlar, karyera yüksəlişi imkanları və ədalətli sertifikasiya sistemi müəllimlərin motivasiyasını artırar", - deyə, o qeyd edib. 


 Aidə Əliyeva bildirib ki, "əvvəlki dövrlərdə valideynlər ixtisas seçimi edən zaman müəllimlik  ixtisasına “ən pis halda müəllim olarsan” kimi baxıblar. Lakin müəllimlik ixtisası məqsədli seçilən nüfuzlu peşəyə çevrilməlidir. Bunun üçün pedaqoji ixtisaslara daha güclü abituriyentlərin cəlb olunması və tələbələr üçün xüsusi təqaüd proqramlarının tətbiqi faydalı ola bilər. Bəzi ali təhsil müəssiələrində yüksək bal ilə pedaqoji ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər də verilir. 
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul prosesi zamanı ixtisas seçimləri ilə bağlı statistik göstəricilərində artıq 600 bal və daha yüksək bal toplayan abituriyentlərin məqsədli şəkildə pedaqoji ixtisaslara maraq göstərdiyini qeyd edir.  Əslində, müəllimin nüfuzu yalnız məktəbin deyil, bütövlükdə cəmiyyətin gələcəyini müəyyənləşdirir. Müəllim özünü dəyərli hiss etmədikcə, təhsildə keyfiyyətli dəyişiklik gözləmək çətin olacaq".

 

Aişə Mustafayeva

#sahəsində #xəbər #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər