00:00:00
Yazar
Zəhra Həsənova
21.04.2026 20:55 29 5 dəq oxuma
Sosial

Müasir dövrdə tarixin təhrif olunması və
saxtalaşdırılması ciddi müzakirə mövzusuna çevrilib

Müasir dövrdə tarixin təhrif olunması və saxtalaşdırılması ciddi müzakirə mövzusuna çevrilib

Müasir dövrdə tarixin müxtəlif məqsədlərlə təhrif olunması və saxtalaşdırılması getdikcə daha ciddi müzakirə mövzusuna çevrilib. İnformasiya müharibələrinin gücləndiyi bir zamanda bəzi qüvvələr siyasi, ideoloji və ya milli maraqlar naminə tarixi faktları dəyişdirərək ictimai rəyə təsir göstərməyə çalışır. Bu cür yanaşmalar cəmiyyətlər arasında etimadsızlıq yaradır və gələcək nəsillərin düzgün məlumat əldə etməsinə mane olur. Mütəxəssislər problemin qarşısını almaq üçün elmi mənbələrə əsaslanmağın, arxiv materiallarının şəffaflığının artırılmasının və ictimai maarifləndirmənin vacibliyini vurğulayırlar.

 

Mövzu ilə bağlı Mehriban Cəfərova “İnformator.az”a açıqlamasında bildirib ki, müasir informasiya mühitində tarixi məlumatların sürətlə və nəzarətsiz şəkildə yayılması həm müsbət, həm də mənfi nəticələr doğura bilər: 

 

“Sosial şəbəkələr insanların daha çox mənbəyə çıxışını təmin etsə də, bu məlumatların hamısı etibarlı olmur. Filtrlənməyən və yoxlanılmayan informasiyalar həqiqəti aydınlaşdırmaqdan çox, bəzən onu qarışdırır. Xüsusilə, emosional və manipulyativ paylaşımlar insanların düşüncəsinə təsir edərək yanlış təsəvvürlər yarada bilir. Bu səbəbdən vətəndaşlar əldə etdikləri məlumatları müqayisə etməli, rəsmi və elmi mənbələrə üstünlük verməlidirlər”.

 

Məsələ ilə bağlı  sosioloq Elçin Bayramlı bildirib ki, tarixin təhrif olunması bəşəriyyətin ən əsas problemlərindən biridir və bu hal demək olar ki, bütün dövrlərdə müşahidə olunub:

 

““Tarix elm deyil” - deyə məşhur bir fikir var. Digər bir yanaşmaya görə isə, “tarixdə yalnız tarixlər doğrudur”. Eyni hadisə və proseslər müxtəlif ölkələr tərəfindən fərqli siyasi və ideoloji yanaşmalarla təqdim edilir. Məsələn, bir neçə ölkə eyni coğrafiyada baş verən hadisəni öz siyasətinə uyğun şəkildə yazır və nəticədə fərqli tarix yanaşmaları ortaya çıxır. Tarix uzun illər dövlətlərin və hakimiyyətlərin təsiri altında formalaşıb, müasir dövrdə isə bu prosesə media və sosial şəbəkələr də qoşulub. Bu gün dünyada baş verənlər müxtəlif prizmalardan təqdim olunur, bu da ideoloji müharibənin tərkib hissəsidir və ictimai rəyin formalaşdırılmasına xidmət edir. Dünya mediası kimlərin nəzarətindədirsə, həmin platformalarda daha çox onların siyasi mövqeyinə uyğun xəbər və informasiya siyasəti aparılır və bu da zamanla tarix kimi formalaşaraq beynəlxalq rəyə təsir göstərir. Bu cür ədalətsizliklərlə biz də tarix boyu üzləşmişik və tariximizin bir çox hallarda düzgün təqdim olunmadığı müşahidə edilib. Xüsusilə, Ermənistanla münaqişə zamanı Azərbaycan həqiqətlərinin dünya informasiya məkanına çatdırılması çətin olub, çünki bəzi qlobal media və tarixçi çevrələr məsələlərə birtərəfli yanaşaraq təhriflərə yol veriblər. Bu kimi halları beynəlxalq səviyyədə dəyişmək isə olduqca mürəkkəbdir. Hər bir ölkə öz tarixini özü yazır və bu da vahid, yekdil tarix anlayışının formalaşmasına mane olur. Bu baxımdan, dünya tarixinin obyektiv şəkildə yazılması üçün Birləşmiş Millətlər Təşkilatı nəzdində beynəlxalq komissiyanın yaradılması məqsədəuyğun hesab olunur”.


Elçin Bayramlı hesab edir ki, problemin həlli üçün beynəlxalq səviyyədə mexanizmlər yaradılmalıdır: 

 

“Dünya tarixinin düzgün yazılması üçün beynəlxalq komissiya yaradılmalı, bütün ölkələrin tarixçiləri iştirak etməli və məlumatlar yalnız həqiqətlər əsasında təqdim olunmalıdır. Bu sahə qlobal və beynəlxalq mexanizmlər vasitəsilə nəzarətdə saxlanılmalıdır ki, dünyanın informasiya məkanı saxta və yalnış məlumatlarla dolmasın. Çünki insanlıq tarixi yalnız həqiqətlər üzərində qurulmalı, gələcək nəsillər keçmişi olduğu kimi öyrənməlidir. Bu məsələ son dərəcə vacibdir: saxtakarlıq və yanlış informasiya artdıqca problemlər də dərinləşir.
Hazırda texnologiyaya nəzarət imkanları məhduddur. Əvvəllər tarix elmi əsasən dövlətlərin və elmi institutların nəzarətində, ciddi tədqiqatlar əsasında formalaşırdı. İndi isə internet və sosial şəbəkələr daha sərbəst mühitə çevrilib və istənilən hadisə fərqli, hətta yanlış formada təqdim edilə bilir. Hansı informasiya daha çox yayılırsa, ictimai rəy də əsasən onun üzərində formalaşır. Bu səbəbdən, problemin həlli təkcə ayrı-ayrı dövlətlərin imkanları daxilində deyil. Yalnız beynəlxalq səviyyədə ortaq mexanizm - təşkilat və ya komissiya vasitəsilə tarixi proseslərin obyektiv, həqiqətə əsaslanan şəkildə təqdim olunması mümkündür. Bu yanaşma gələcək nəsillərin hadisələri düzgün və aydın şəkildə öyrənməsi üçün vacib hesab olunur”.

 

Mövzu ilə bağlı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirib ki, tarixin “yenidən yazılması” anlayışına iki fərqli müstəvidən yanaşmaq mümkündür: 

 

“Birincisi, elmi əsaslarla aparılan yenidən qiymətləndirmə, ikincisi isə məqsədli şəkildə təhrif və manipulyasiyadır. Elmi yanaşmada tarix daim yenilənir. Yeni arxiv sənədləri aşkar olunur, metodologiyalar inkişaf edir və hadisələrə daha obyektiv baxış imkanı yaranır. Bu, təbii və zəruri prosesdir. Məsələn, əvvəllər ideoloji çərçivədə təqdim olunan tarix sonradan daha geniş mənbə bazası əsasında yenidən araşdırılıb. Sovet İttifaqının dağılmasından sonra postsovet məkanında demək olar ki, bütün ölkələr öz tarixlərini yenidən nəzərdən keçirməyə başlayıblar. Bu, həm milli tarixşünaslığın azadlaşması, həm də yeni ideoloji xəttin formalaşması prosesi idi”.


Günel Aslanlı vurğulayıb ki, məqsədli təhrif hallarında isə müəyyən maraqlar ön plana çıxır:

 

“Geosiyasi iddiaların əsaslandırılması, ərazi iddiaları, milli ideologiyanın formalaşdırılması və informasiya müharibəsində üstünlük əldə etmək üçün tarixi faktlar seçmə üsulla təqdim olunur. Azərbaycan kontekstində bu hallar xüsusilə, Qarabağ münaqişəsi ilə bağlı tez-tez müşahidə olunub. Münaqişə ətrafında tərəflər öz mövqelərini əsaslandırmaq üçün tarixi faktları seçmə üsulla təqdim edir, bəzən isə açıq təhriflərə yol verirdilər.
Tarix yalnız keçmişin təsviri deyil, həm də ideoloji alətdir. Tarixçi həqiqətə mənbələr, arxiv sənədləri və sübutlar vasitəsilə yaxınlaşır. Tarix elmində ‘mütləq həqiqət’dən çox elmi konsensus anlayışı mövcuddur. Tarixin saxtalaşdırılması kollektiv yaddaşa ciddi təsir göstərir. Bu, milli kimliyin zəifləməsinə, tarixi yaddaşın deformasiyasına və gələcək nəsillərin yanlış şüurla formalaşmasına səbəb ola bilər.  saxtalaşdırmaq cəhdləri artdıqca, tarixçilərin məsuliyyəti də artır və onlar yalnız faktları təqdim edən deyil, eyni zamanda həqiqətin müdafiəçisi kimi çıxış etməlidirlər”.

Fatimə Hüseynli

#müzakirə #tarixin #müasir #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər