00:00:00
Yazar
Ayan Sədi
30.03.2026 17:43 27 2 dəq oxuma
Sosial

Müasir əmək bazarının tələbləri: Diplom artıq kifayət etmir

Müasir əmək bazarının tələbləri: Diplom artıq kifayət etmir

Müasir iş dünyasında diplomun rolu və praktik bacarıqların önəmi gənclər arasında ən çox müzakirə edilən mövzulardan biridir. Ali təhsil sənədinin karyera üçün “zəmanət bileti” olub-olmaması sualı həm tələbələri, həm də işəgötürənləri düşündürür.

 

İnsan resursları mütəxəssisi İlkin Məcidov mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, son illərdə ənənəvi “diplom əsaslı seçim” yanaşması artıq öz aktuallığını itirməkdədir. Mütəxəssisin fikrincə, müasir iş mühitində analitik düşüncə və çeviklik əsas meyarlara çevrilib:

 

“Araşdırmalar və mövcud əmək bazarı təcrübəsi göstərir ki, analitik düşüncə, effektiv ünsiyyət, komanda ilə işləmə bacarığı, texnoloji savadlılıq və davamlı öyrənmə qabiliyyəti işə qəbul prosesində əsas meyarlara çevrilib. Artıq yalnız ali təhsil diplomuna sahib olmaq namizəd üçün kifayət etmir.”

 

Mütəxəssis əlavə edib ki, mövcud əmək bazarı artıq “diplom iqtisadiyyatı”ndan “bacarıq iqtisadiyyatı”na keçid mərhələsindədir. Bu baxımdan, gənclərin yalnız formal təhsillə kifayətlənməməsi, paralel olaraq praktik bacarıqlarını inkişaf etdirməsi zəruri hesab olunur.

 

Bu barədə təhsil eksperti Vüsət Əzizov bildirib ki, diplom hələ də bəzi peşəkar sahələrdə “filtr” rolunu oynasa da, universitetlərin tədris proqramlarında ciddi yeniliklərə ehtiyac var:

 

“Universitetlərin əsas problemi odur ki, onlar çox vaxt nəzəriyyəyə fokuslanır. Dərslər ‘imtahan üçün yox, iş üçün’ hazırlanmalıdır. Universitet–şirkət əlaqələri formal yox, aktiv olmalıdır. Məsələn, Almaniya və Avropanın digər inkişaf etmiş ölkələrində ‘dual təhsil sistemi’ kimi real layihələr tətbiq edilməlidir. Universitet yalnız diplom verən yer yox, real əmək bazarına mütəxəssis hazırlayan sistem olmalıdır”.

 

Ekspert qeyd edib ki, bundan başqa “məcburi praktika” və internship sistemi də tətbiq edilə bilər:

 

“Praktika formal yox, ciddi və qiymətləndirilən olmalıdır. Məsələn, minimum 3–6 ay real iş mühiti, universitet tərəfindən izlənmə və qiymətləndirmə sistemi, ‘CV’yə daxil edilə bilən konkret nəticələr və s. qeyd etmək olar”.

 

Nəticə etibarilə, diplom və bacarıq bir-birini tamamlayan faktorlar olsa da, müasir dövrdə tərəzi daha çox praktik təcrübənin xeyrinə ağır gəlir. Bu balansı düzgün quran gənclər həm akademik biliklərdən faydalana, həm də karyera pillələrində daha əmin addımlarla irəliləyə bilərlər.

 

Lalə Əhməd

#diplom #tələbləri: #azərbaycan #artıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər