Müasir şəhər mühitində ictimai davranış normaları: Sosioloji təhlil
Sürətli urbanizasiya və rəqəmsallaşma fonunda ictimai məkanlarda davranış etikası və fərdi sərhədlərin qorunması məsələsi aktuallığını qoruyur. İctimai nəqliyyatda və istirahət zonalarında müşahidə olunan akustik kirlilik və ünsiyyət qaydalarının pozulması halları cəmiyyətdə sosial gərginliyə səbəb olan amillərdən biridir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İlahə Həsənova bildirib ki, müasir şəhər mühitində fərdi sərhədlərin qorunmaması və ictimai davranış pozuntuları sosial əlaqələrin keyfiyyətinə birbaşa təsir edir:
“İctimai məkanlarda səs-küy, şəxsi məsafənin pozulması və ünsiyyət etikası qaydalarına əməl olunmaması insanlar arasında narahatlıq, aqressiya və etimadsızlıq yaradır. Bu cür hallar zamanla sosial kapitalın zəifləməsinə, yəni insanların bir-birinə qarşı anlayış və əməkdaşlıq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Nəticədə şəhər həyatında anonimlik artır, insanlar bir-birindən uzaqlaşır və sosial bağlar zəifləyir. Rəqəmsal texnologiyalara bağlılıq isə fərdi sərhədlərin qorunmasına həm mənfi, həm də müsbət təsir göstərə bilir. Bir tərəfdən, insanlar mobil cihazlara həddindən artıq fokuslandıqda ətraf mühitə və digər insanlara qarşı diqqətsiz davranır, bu da ictimai etik qaydaların pozulmasına gətirib çıxarır. Məsələn, ictimai nəqliyyatda yüksək səslə telefonla danışmaq və ya sosial mediada paylaşım edərkən başqalarının məxfiliyini nəzərə almamaq kimi hallar artır. Digər tərəfdən, rəqəmsal platformalar vasitəsilə maarifləndirmə kampaniyaları aparmaq, etik davranış normalarını təbliğ etmək və sosial məsuliyyəti artırmaq mümkündür. Bu baxımdan texnologiya həm problem, həm də həll vasitəsi kimi çıxış edir. Şəhər mədəniyyəti və ictimai davranış normalarını gücləndirmək üçün kompleks sosioloji strategiyalara ehtiyac var. İlk növbədə maarifləndirmə mühüm rol oynayır məktəblərdən başlayaraq ictimai etik qaydalar sistemli şəkildə öyrədilməlidir. Bundan əlavə, ictimai nəzarət mexanizmləri və sosial sanksiyalar da müəyyən təsir gücünə malikdir. Media və sosial platformalar vasitəsilə nümunəvi davranışların təşviqi, ictimai kampaniyaların keçirilməsi də effektiv üsullardandır. Eyni zamanda şəhər infrastrukturunun düzgün təşkili rahat ictimai nəqliyyat, səs-küyün azaldılması üçün texniki həllər və açıq məkanların optimallaşdırılması insanların davranışına müsbət təsir edir. Bütün bu yanaşmalar birlikdə tətbiq olunduqda daha mədəni və qarşılıqlı hörmətə əsaslanan şəhər mühiti formalaşdırmaq mümkündür”.
Ədilə Hüseynzadə