00:00:00
Yazar
Zəhra Həsənova
20.04.2026 20:34 62 3 dəq oxuma
Sosial

Müasir uşaq ədəbiyyatının xüsusiyyətləri - FİLOLOQ AÇIQLAYIR

Müasir uşaq ədəbiyyatının xüsusiyyətləri - FİLOLOQ AÇIQLAYIR

Uşaq ədəbiyyatı uşaqlar üçün nəzərdə tutulan, onların yaş xüsusiyyətlərinə uyğun yazılan və həm əyləndirici, həm də öyrədici məzmun daşıyan ədəbi sahədir. Bu ədəbiyyat uşaqların dil bacarıqlarının, təxəyyülünün və düşüncə tərzinin inkişafına mühüm təsir göstərir.

 

Mövzu ilə bağlı Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova “İnformator.az”a açıqlamasında bildirib ki, uşaq yazarlarının əsərlərinin mövzu istiqamətləri onların şəxsi və ictimai həyatının, dünyagörüşlərinin, dünyaya çıxış səviyyələrinin təzahürüdür:

 

"Müasir uşaq yazıçılarımızı xatırlayanda çox adamın adını çəkmək olmur. Haqqında bəhs edə biləcəyimiz bir neçə nəfərdir ki, onların da hərəsinin öz mövzu dairələri var, deyə bilərəm. Bu mövzu dairəsi də onların şəxsi həyatları, ictimai statusları ilə birbaşa əlaqəlidir. Son 8-9 ildə Sevinc Nuruqızını Qarabağ mövzusu və lap son dövrdə isə türk dünyasının ortaq mövzuları, ortaq hadisə və problemlərinin məşğul etdiyini müşahidə etmək olar. Sevinc Nuruqızının mövzu dairəsi, təbii ki, genişdir. Uşaq dünyasına dərindən bələd olan yazıçı bu aləmin bir çox sahələrində nüfuz edə bilib. Uşaq ruhunun təlatümlərindən tutmuş məişət qayğılarına qədər, kiçik uşaq münasibətlərindən tutmuş sosial problemlərə qədər Sevinc xanımın əsərlərində işlənib. Qarabağ mövzusu Solmaz Amanovanın yaradıcılığında diqqəti çəkir. Reyhan Yusifqızını fərqləndirən cəhət isə onun elmi-fantastik uşaq ədəbiyyatı və texnologiya mövzusunda bədii ədəbiyyat yaradıcılığıdır. Bu o demək deyil ki, Reyhan Yusifqızını uşaq aləminin digər məsələləri maraqlandırmır. Xeyr, o da geniş spektrlı yaradıcılığa malikdir. Əsərləri ilə diqqət çəkən yazarlardan biri də Nurlana İşıqdır. Onun uşaq dünyası ruhun dərinliklərinə nüfuz edən mövzularla fərqlənir. Kiçikhəcmli didaktik hekayələrində fərdi məsələləri elə həssaslıqla qoyur ki, adamı sarsıdır. Nurlana xanım insanın fərdi aləminin qatlarını açır. Müasir dünyanın hər bir şəxsin ruhunda yaratdığı daxili iztirablar uşaq ağlının anlayacağı səviyyədə Nurlana İşığın əsərlərində öz həllini tapır. Aygün Bünyadzadəni xatırlayanda isə, uşaq nağılları ilə yada düşür. Əsərləri didaktik məzmuna malikdir. Uşaq yazarlarının əsərlərinin mövzu istiqamətləri onların şəxsi və ictimai həyatının, dünyagörüşlərinin, dünyaya çıxış səviyyələrinin təzahürüdür ki, hər biri diqqəti cəlb edir. Məsələn, Sevinc Nuruqızını Qarabağ mövzusuna dərindən bağlayan onun Ağdamlı olması, Reyhan Yusifqızını isə elmi-fantastikaya, texnologiyaya bağlayan  onun ixtisas sahəsidir. Nurlana İşıq ibtidai sinif və  Azərbaycan dili müəllimidir. Bu da onun yaradıcılığına sirayət edir. Bu cəhətdən yalnız Aygün Bünyadzadəni digər yazıçılardan fərqləndirirəm və ixtisas sahəsi ilə nağıl dünyası arasında körpü qura bilmirəm. Amma düşünürəm, dərindən araşdırılsa, bağları tapmaq mümkündür".
 
Həmçinin Könül Aydın Nəhmətova qeyd edib ki, redaktə işinə bir az daha artıq səy göstərilərsə, keyfiyyət daha da artar:

 

"Uşaq yazarlarının müxtəlif şəxsi aləmləri, peşə fəaliyyətləri ədəbiyyatın mövzu rəngarəngliyini yaradır. Uşaq ədəbiyyatının təbliğatı istiqamətində strateji işlərin aparılması yalnız bu yolla inkişafa nail olmaq mümkündür. Yazarlar daim öz üzərlərində işləyirlər. Nəşr imkanları genişdir. Artıq dünyaya çıxışları var. Sual yaranır ki, bəs niyə uşaq ədəbiyyatının mütaliəsi hələ də narahatlıq doğurur? Çünki bu iş fərdlərin təşəbbüsü ilə kütləviləşə bilmir. Dövlət dəstəyini artırmaq lazımdır. Uşaq ədəbiyyatı nümunələrini nəşriyyatların kitab marketlərin piştaxtalarında görəndə yanından etinasız ötmək olmur. Çünki cəlbedicidirlər. Vərəqlədikdə kitabın kağızı, illüstrasiyalar, tərtibat və şriftlərin seçiminin oxunaqlığı təmin etdiyini gördüyümüzü etiraf etməliyik. İndi texnologiyalar hər cür imkanları əlçatan edib. Yazıçılar öz əsərlərinin keyfiyyətinə çox ciddi yanaşırlar. "Burada problem axtarmağın əhəmiyyətini görmürəm". Bir məsələni qeyd edə bilərəm ki, redaktə işinə bir az daha artıq səy göstərilərsə, keyfiyyət daha da artar".

 

Samirə Allahverdizadə

#ədəbiyyatının #açiqlayir #fi̇loloq #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər