“Müharibədən sonra İranda repressiyalar yenidən arta bilər”-ŞƏRH
İran Prezidenti Məsud Pezeşkian xalqının düşmənlərin təzyiqlərinə müqavimət göstərdiyini və ölkəsinin müasir tarixin ən çətin vəziyyətinin öhdəsindən gəldiyini bildirib.
İran lideri xalqına təşəkkür edib.
“Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur”, - deyə o qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranda Prezidentin səlahiyyətləri məhduddur və o müstəqil şəkildə heç bir xarici, daxili siyasət həyata keçirməyə qadir deyil:
“Çünki sistem birbaşa teokratik rejimin fars ruhanilərinin əlindədir. O, sadəcə Ali dini liderin, SEPAH-ın qərarları ilə razılaşmağa məhkumdur. Sistem heç bir dəyişiklik etməyə meylli deyil. Sadəcə Prezident dəyişikliklər tərəfdarıdır deyə onu da istefaya məcbur edirlər. Ola bilsin,savaş bitəndən sonra onu istefaya göndərib hətta həbs edəcəklər. İndidən barəsində xəbərdarlıqlar edilir. Unutmaq olmaz ki, İranda heç bir islahata, reforma açıq olmayan mühafizəkar sistem mövcuddur. Prezident sadəcə icraçıdır. Şübhəsiz ki, qorxu, repressiya, edamlar sayəsində xalqı rejimə boyun əyməyə məcbur etdilər. Hazırda əzabkeş xalqın rejimdən qopub prezidentin ətrafında birləşməsi qorxusu var deyə mütəmadi olaraq Pezeşkianın qarşısına bu cür çıxışlar qoyular. Hətta belə olmasa da “Əgər xalqın yanında dayansaq” sözü bunu təsdiq edir. Demək xalqın yanında dayanılmayıb, lakin buna baxmayaraq xalq yenə də zalım rejimi dəstəkləyib. Xalqın yanında dayanmaq üçün də gərək xalqın tələblərini yerinə yetirəsən. Müharibə ərəfəsində xalqın dəstəyini qazanmaq, etirazların qarşısını almaq üçün hələlik müəyyən yumşalmalar ola bilər. Lakin sonra yenidən daha amansız repressiyalar, edamlar davam edəcək. Problem İrandakı liderlərdə, siyasi dairələrin çıxışlarında deyil, sistemin mahiyyətindədir. Sistem elə qurulub ki, əsla islahata, dəyişikliklərə yer yoxdur. Belə bir ideoloji sistem isə yalnız dəyişməklə xalqın xeyrinə nəsə baş verə bilər. Xalq indi rejimə müharibədə qalib gəlmək üçün lazımdır. Ondan sonra yenə öz yoluna davam edəcək. Təəssüf ki, cəhd etsə də prezident heç bir dəyişikliyə nail ola bilmir. Dəfələrlə istefa vermək istəməsi də buna görədir. Sistemin dəyişilməsi isə təkcə onun gücü sayəsində həll olunası məsələ deyil. Əks halda onu da eyni işi görmək istədiyi üçün 2-ci Şah İsmayıl yaxud Nadir şah kimi sui-qəsdə məruz qoyarlar. Min illik fars şüubiyyəsinin ideoloji- siyasi, batini sistemi dəyişmək istəyənləri birbaşa düşmən görür. Həmçinin prezident Pezeşkianın da islahata cəhd etməsi daxildə bu sistemə qarşı çıxmaq kimi qəbul olunur”.
Nuray Əliyeva