00:00:00
Yazar
Səmayə Səftərova
21.05.2026 21:05 26 2 dəq oxuma
İqtisadiyyat

Müharibələr və iqlim dəyişikliyi şəhərlərin gələcəyinə necə təsir göstərir?

Müharibələr və iqlim dəyişikliyi şəhərlərin gələcəyinə necə təsir göstərir?

Müharibələr və iqlim dəyişikliyi şəhərlərin simasını hökumətlərin onları bərpa etmək sürətindən daha tez dəyişir.

 

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, şəhərlərin dağıdılması insanların kənd yerlərinə və ya təhlükəsiz bölgələrə köç etməsinə səbəb olur ki, bu da əmək bazarını zəiflədir və iqtisadi aktivliyi azaldır:

 

"Müharibələr və iqlim dəyişikliyi şəhərlərin inkişafına ciddi təsir göstərən əsas amillərdən biridir. Müharibə gedən ölkələrdə şəhər infrastrukturu dağıdılır, iqtisadi fəaliyyət zəifləyir və əhali inkişafdan daha çox yaşamaq uğrunda mübarizə aparmağa məcbur olur. Belə şəraitdə şəhərlərin inkişafı, parkların salınması, yeni biznes məhəllələrinin yaradılması kimi məsələlər gündəmdən çıxır, əsas diqqət isə ərzaq və təhlükəsizlik məsələlərinə yönəlir. Müharibə şəraitində ticarət və turizm sektoru zəifləyir, investisiya axını dayanır, kapital isə daha təhlükəsiz regionlara yönəlir. Vergi sistemi və dövlət xidmətləri, xüsusilə, səhiyyə infrastrukturu məhdud fəaliyyət göstərməyə başlayır. Şəhərlərin dağıdılması insanların kənd yerlərinə və ya təhlükəsiz bölgələrə köç etməsinə səbəb olur ki, bu da əmək bazarını zəiflədir və iqtisadi aktivliyi azaldır. İqlim dəyişikliyi də şəhərlərə mühüm təsir göstərir. Son illərdə qlobal istiləşmə nəticəsində bir sıra şəhərlərdə istilik dalğaları, daşqınlar və quraqlıq halları müşahidə olunur. Bu proseslər şəhər infrastrukturuna əlavə yük yaradır, enerji xərclərini artırır və bərpa işləri üçün əlavə maliyyə tələb edir. Xüsusilə, sahilyanı şəhərlərdə su səviyyəsinin dəyişməsi daşınmaz əmlak bazarına və investisiya mühitinə mənfi təsir göstərir".

 

Ekspert bildirib ki, risklərin artması sığorta xərclərini yüksəldir və bəzi əraziləri investorlar üçün cəlbedici olmayan zonalara çevirir:

 

"Şəhərlərin bərpası və dayanıqlı inkişafı üçün dövlət investisiyaları mühüm rol oynayır. Körpü, yol, su, enerji və kommunikasiya infrastrukturlarının yenilənməsi əsas prioritetlərdən biridir. Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı modellərinin tətbiqi də vacib hesab olunur. Bu yanaşma həm daxili investisiyaların ölkə daxilində qalmasına, həm də özəl sektorun infrastruktur layihələrində daha fəal iştirakına şərait yarada bilər. Azərbaycanda şəhər planlaşdırılması sahəsində müəyyən problemlər mövcuddur. Kanalizasiya sistemindəki çatışmazlıqlar, yağışlardan sonra bəzi ərazilərdə su yığılması və infrastruktur problemləri planlaşdırmanın kifayət qədər effektiv aparılmadığını göstərir. İqlim riskləri və münaqişələr gələcəkdə investisiya və məşğulluq sahəsinə də təsir göstərəcək. İnvestorlar daha sabit və təhlükəsiz bölgələrə üstünlük verəcək, riskli regionlarda isə investisiya marağı azalacaq. Bu da yeni iş yerlərinin sayına və əmək bazarına mənfi təsir göstərə bilər. Digər tərəfdən, iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması istiqamətində yeni fəaliyyət sahələrinin yaranması müəyyən məşğulluq imkanları da yarada bilər. Kənd təsərrüfatı sahəsi də iqlim dəyişikliklərindən təsirlənir. Quraqlıq, daşqınlar və digər təbii proseslər kənd təsərrüfatında məhsuldarlığı azaldır, miqrasiyanı artırır və nəticədə əmək bazarına mənfi təsir göstərir".

 

 

Səmayə Səftərova

#iqtisadiyyat #gündəm #şəhər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər