Müharibə tarixi irsi də hədəfə çevirir: Hüquqi mexanizmlər nə qədər effektivdir?
Müharibə və silahlı münaqişələr zamanı tarixi-mədəni irsin qorunması beynəlxalq hüququn əsas istiqamətlərindən biri hesab olunur. UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən konvensiyalar tarixi abidələrin qorunması üçün mühüm hüquqi baza formalaşdırsa da, bu mexanizmlərin real münaqişə şəraitində effektiv tətbiqi ilə bağlı müəyyən problemlər qalmaqdadır. Türkoloq-tarixçi Faiq Ələkbərli deyir ki, beynəlxalq hüquqi mexanizmlərin mövcudluğu tarixi-mədəni irsin qorunmasına hər zaman zəmanət vermir.
“Çünki münaqişə baş verdiyi zaman beynəlxalq təşkilatların tərəflərə xəbərdarlıq etməsi, çağırışlar və müraciətlər ünvanlaması mümkündür. Ancaq bu qurumların hər zaman hadisələrin qarşısını birbaşa almaq üçün kifayət qədər təsirli və qoruyucu mexanizmlərə malik olması mümkün deyil. Bu səbəbdən hüquqi normaların mövcudluğu ilə onların praktiki icrası arasında müəyyən fərq yaranır”.
Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsi də beynəlxalq hüquqi mexanizmlərin praktiki effektivliyi baxımından nümunə kimi göstərilə bilər.
“Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində bir çox tarixi-mədəni abidələr dağıdılıb, dəyişdirilib və vandalizmə məruz qoyulub. Bu fakt göstərir ki, beynəlxalq hüquqi mexanizmlərin mövcudluğu təkbaşına tarixi irsin qorunmasına zəmanət vermir”.
Türkoloq-tarixçi hesab edir ki, müasir texnologiyalar tarixi-mədəni irsin qorunması və sənədləşdirilməsi istiqamətində yeni imkanlar yaradır. Onun sözlərinə görə, rəqəmsal vasitələr vasitəsilə abidələrin vəziyyətini qeydə almaq və gələcək bərpa prosesləri üçün məlumat bazası formalaşdırmaq mümkündür.
“Peyk görüntüləri, dron çəkilişləri, üçölçülü modelləşdirmə və digər rəqəmsal texnologiyalar vasitəsilə tarixi-mədəni abidələrin vəziyyətini sənədləşdirmək, onların ilkin görüntüsünü qorumaq və gələcəkdə bərpa prosesində istifadə etmək mümkündür. Lakin bütün bunlar insan əməyini tamamilə əvəz edə bilməz. Texnologiya ilə peşəkar insan əməyinin birləşdirilməsi vacibdir”.
Faiq Ələkbərli diqqətə çatdırır ki, problemin əsas tərəflərindən biri də tarixi-mədəni irsin qorunmasına münasibətdir. Onun fikrincə, bəzi hallarda abidələrin qorunması əvəzinə, onların məqsədli şəkildə məhv edilməsi halları ilə qarşılaşılır.
“Əsas problem ondan ibarətdir ki, bəzi hallarda insanlar tarixi-mədəni irsi qorumaq əvəzinə, məhz onu məhv etməyə yönəlmiş addımlar atırlar. Bu isə məsələnin yalnız hüquqi deyil, həm də mənəvi və mədəni aspektlərinin olduğunu göstərir”.
Türkoloq-tarixçi işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin qorunması və bərpasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayır.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vandalizmə məruz qalmış tarixi abidələrin qorunması və bərpası prosesində əsas məqsəd öz tarixi və milli dəyərlərimizə sahib çıxmaqdır. Biz müxtəlif ölkələrin təcrübəsindən faydalana bilərik. Lakin ən böyük təcrübəmiz öz tariximiz və mədəniyyətimizdir”.
Faiq Ələkbəlinin sözlərinə görə, tarixi-mədəni irsin qorunması yalnız beynəlxalq hüquqi mexanizmlərin tətbiqi ilə məhdudlaşmamalıdır. Burada cəmiyyətin və dövlətin məsuliyyəti, tarixi yaddaşın qorunması və gələcək nəsillərin maarifləndirilməsi də mühüm rol oynayır.
“Tarixi-mədəni abidələri qorumaq üçün ilk növbədə həmin irsə sahiblik və məsuliyyət hissi gücləndirilməlidir. Öz köklərimizi, tariximizi və mədəniyyətimizi daha dərindən öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq. Hüquqi mexanizmlər, beynəlxalq təcrübə və müasir texnologiyalar mühüm vasitələrdir, lakin onların effektivliyi insan iradəsi və tarixi-mədəni irsə münasibətlə birbaşa bağlıdır”.
Süsən Mərdalıqızı