Musa əs-Sədrin 50 illik sirri
İngiltərənin şimalında yerləşən bir universitetdə kompüter alimi demək olar ki, 50 ildir Yaxın Şərqi məşğul edən bir sirri həll etməyə çalışaraq bir meyit şəklini öyrənir.
“Bu, onun indiki görkəmidir?” – deyə Bredford Universitetinin professoru Həsən Uqayl tərəddüdlə soruşur. Rəqəmsallaşdırılmış foto çürümüş bir üzə aiddir və BBC-nin araşdırması üçün xüsusi alqoritmdən keçiriləcək. Əsl foto isə 2011-ci ildə bir jurnalist tərəfindən Tripolidə gizli morqda çəkilib. Ona həmin vaxt bu şəxsin 1978-ci ildə Liviyada yoxa çıxan karizmatik din xadimi Musa əs-Sədr ola biləcəyi deyilib.
Sədrin yoxa çıxması saysız-hesabsız konspirasiya nəzəriyyələri doğurub. Bəziləri onun öldürüldüyünə inanır, bəziləri isə hələ də sağ olduğunu və Liviyada bir yerdə saxlanıldığını iddia edir.
Onun sadiq tərəfdarları üçün yoxa çıxması, 1963-cü ildə ABŞ prezidenti Con Kennedinin qətli ilə eyni səviyyədə maraq doğurur. BBC World Service komandamızla apardığımız uzunmüddətli araşdırma zamanı biz hətta bir neçə gün ərzində Liviyada saxlanıldıq – məsələ o qədər həssasdır. Onun tərəfdarları ona “imam” titulunu veriblər – bu, yaşayan bir şiə ruhaniyə çox nadir halda verilən şərəfdir və onun şiə icması üçün gördüyü işlərə görə tanınıb.
Məmmədova Banuçiçək
BBC News
