Musiqi yuxunu necə təsir edir?
Musiqi dinləyərək yatmaq hər zaman faydalı deyil. Elmi araşdırmalar göstərir ki, yuxu zamanı musiqi, podkast və ya digər arxa plan səsləri beynin tam sakitləşməsinə mane olur, dərin yuxu mərhələsini zəiflədir və yuxu keyfiyyətini azaldır. Xüsusilə danışıq ehtiva edən səslər beyni aktiv saxlayaraq mikro-oyanmaları artırır və səhər yorğunluğa səbəb olur.
Mövzu ilə bağlı əhalidən fikirlərini öyrəndik.
Aysu Qədirzadənin sözlərinə görə, təəssüf ki, mən də musiqiylə yuxuya getməyin zərərli olduğunu düşünürəm:
" Çünki beynimizin istirahət etməsi üçün biz yuxuya ehtiyac duyuruq. Lakin musiqi səsi beynimizin yuxuya getməsinə mane ola bilər. Buna başqa perspektivdən yanaşsaq, mən gündəlik həyatımda musiqi və ya televiziyya səsi olmadan yuxuya gedə bilməyən insanlar hətta körpələr belə görmüşəm. Ziyanlı olsa belə, bəzi insanların bu şəkildə rahat yuxuya getdiyinin şahidi olmuşam.Yəni məncə insandan insana dəyişən vərdişdir”.
Səyyarə Babayeva da öz fikirlərini bizimlə bölüşüb:
“Musiqi ilə yuxuya getmək insanın insana dəyişən bir vərdişdir. Yəni hər kəs bu üsulla yuxuya getmir və bu, ümumi tətbiq olunan bir metod hesab edilə bilməz. Amma bu vərdişi zamanla özündə formalaşdıran insanlar da var. Məsələn, bir zamanlar mənim qardaşım yalnız musiqi sədaları altında yuxuya gedə bilirdi. Əgər musiqi səslənmirdisə, yuxuya getməkdə çətinlik çəkirdi. Bu, artıq onda vərdiş halını almışdı. Düzdür, zamanla bu vərdişdən uzaqlaşdı, lakin bir müddət davamlı şəkildə yalnız musiqi ilə yata bilirdi.
Elmi baxımdan musiqi ilə yuxuya getməyin beyinə zərəri olub-olmadığını dəqiq deyə bilmərəm. Amma şəxsi düşüncəmə görə, musiqi səsləri qısa müddət ərzində beyindəki düşüncə axınını azaldaraq insanın rahatlamasına kömək edir və beləliklə, daha tez yuxuya getməsinə şərait yaradır. Lakin əgər bu musiqi bütün yuxu boyu davam edirsə, məsələn, 5-6 saatlıq bir yuxu ərzində fasiləsiz musiqi dinlənilirsə, bu, ehtimal ki, beynin müəyyən funksiyalarına təsir edə və ya zərər verə bilər. Həmçinin, uzun müddətli musiqi ilə yuxuya getməyin insanın şüuraltına da təsir etməsi mümkündür.
Digər tərəfdən, qısa yuxular zamanı – məsələn, avtobusda, dərsdən və ya işdən sonra istirahət edərkən – musiqi ilə yuxuya getmək demək olar ki, bir çoxumuzun təcrübəsində mövcuddur. Bu halda, məncə, ciddi bir problem yaranmır.
Nəticə olaraq deyə bilərəm ki, musiqi ilə yuxuya getmək elmi cəhətdən araşdırılmalı bir mövzudur. Amma şəxsi müşahidə və təcrübəyə əsaslanaraq demək olar ki, bu, fərdi bir vərdişdir və hər kəsə eyni şəkildə təsir etmir. Musiqi müəyyən hallarda rahatlaşdırıcı və yuxuya getməyə kömək edən vasitə olsa da, uzun müddətli istifadəsi bəzi risklər daşıya bilər”.
Mövzu ilə bağlı Fatimə Gulizadə də təəsüratları səsləndirib:
“Musiqi ilə yatmaq qısa müddətli rahatlıq verə bilər, amma uzun müddət dinlədik də dərin yuxu azalır, səhər durursan, amma ruhun hələ də yastıqdadır. Amma bu hal təbii ki, hamı üçün eyni deyil. Narahatlıq yaşayan, tək qalanda düşüncələri susmayan biri üçün yüngül instrumental musiqi sakitləşdirici rolunda ola bilər. Uşaqlar və yeniyetmələrdə isə musiqi ilə yatmaq daha büyük riskdir. Beyin hələ formalaşma dövründədir, necə desək hər səsə “buyur” deyir, reaksiya verir .
Bəs musiqini daim vərdiş halına gətirmək olarmı? O zaman da artıq problem başlayır. Beyin səssiz yatmağı “unudur”. Zənnimcə musiqi bəzən dinləməlidir hər gecə yox. Musiqi yuxuya getmək üçün sadəcə 10-15 dəqiqəlik keçid ola bilər”.
Aydan Əsgərxanlı
