Muzeylərdəki qədim eksponatların orijinallığı ilə bağlı suallar gündəmdədir
Son günlər muzeylərdə sərgilənən qədim əşyaların həqiqətən qorunub saxlanılıb-saxlanılmadığı, yoxsa onların surətlərinin nümayiş etdirildiyi ilə bağlı ictimai müzakirələr artıb. Mütəxəssislər bildirir ki, orijinal eksponatlar adətən xüsusi şəraitdə mühafizə olunur və zərər görmə riski olduğu halda ekspozisiyada onların surətləri göstərilə bilər. Lakin bu barədə məlumat lövhələrinin hər muzeydə yerləşdirilməməsi bəzən ziyarətçilərdə çaşqınlıq yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Vaqif Mustafazadənin ev muzeyinin ekskursavodu Bəyimxanım Yusifova bildirib ki, ümumiyyətlə, bizdə əşyaların hər biri orijinaldır, təbii ki orijinal əşyalar gələn ziyarətçilərin daha çox diqqətini cəlb edir:
"Muzey yanğın-siqnalizasiya sistemi ilə təchiz olunub, video sistemi qurulub. Burada eyni zamanda yanğın balonları yerləşdirilib. Ziyarətçilərə girişdə muzey eksponatlarına toxunmamaq haqqında xəbərdarlıq edilir. Həmçinin muzeyin ekspozisiya zallarında olan muzey nəzarətçiləri eksponatların qorunmasına bilavasitə nəzarət edirlər. Muzeylərin şəffaflığı artırılsa, ictimai etimad, yəqin ki, müsbət dəyişər, muzeylərə axın çoxalar".
Mövzu ilə bağlı danışan Lalə Qədirova bildirib ki, məncə, bunu bilmək hər kəs üçün vacibdir:
"Çünki muzeyə gedəndə insan tarixlə birbaşa təmasda olduğunu düşünür. Əgər nümayiş olunan əşya surətdirsə, bu, problem deyil, əsas odur ki, açıq deyilsin. Bu cür məlumat verilsə, muzeyə inam daha da artar. Gizli saxlanılanda isə adamda şübhə yaranır".
Aişə Mustafayeva
