00:00:00
Yazar
Aysel Mirzəyeva
08.04.2026 19:32 94 2 dəq oxuma
Sosial

“myGov” platforması rəqəmsal davranışları necə dəyişəcək?

“myGov” platforması rəqəmsal davranışları necə dəyişəcək?

Azərbaycanda dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi məqsədi daşıyan myGov sistemi vətəndaşların gündəlik rəqəmsal vərdişlərinə ciddi təsir göstərmək potensialına malikdir. Bu yenilik sosial mediada da istifadəçi davranışlarının dəyişməsinə, informasiyanın paylaşım formasına və dövlət-vətəndaş ünsiyyətinə yeni istiqamətlər verə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Nicat Abdullayev bildirib ki, rəsmi platformalar məlumatın etibarlılığını artırır, sosial medianın funksiyası dəyişir:

 

““myGov” platformasını yalnız texnoloji yenilik kimi deyil, həm də rəqəmsal davranışları formalaşdıran sosial institut kimi qiymətləndirmək daha doğrudur. Bu platforma vətəndaş-dövlət münasibətlərində yeni kommunikasiya modeli yaradır və sosial media davranışlarına birbaşa təsir göstərir. Əsas məsələ davranışların transformasiyasıdır. “myGov” kimi vahid rəqəmsal platformaların yayılması vətəndaşların informasiya əldə etmə və paylaşma vərdişlərini dəyişir. Əvvəllər insanlar xidmətlərlə bağlı məlumatı sosial şəbəkələrdə soruşur və qeyri-rəsmi mənbələrə istinad edirdilərsə, indi daha çox rəsmi platformalara yönəlirlər. Bu isə sosial mediada qeyri-dəqiq məlumatların azalmasına, faktlara əsaslanan paylaşımların artmasına səbəb olur. Beləliklə, sosial media daha çox fikir mübadiləsi platformasına çevrilir, informasiya mənbəyi rolu isə qismən zəifləyir”.

 

Həmçinin ekspert bildirib ki, sosial media zəifləmək yox, daha keyfiyyətli rəy və müzakirə platformasına çevrilir:

 

“Məlumat paylaşımının xarakteri də dəyişir. Dövlət xidmətlərinin rəqəmsallaşması ilə vətəndaşların paylaşdığı kontentin məzmunu fərqlənir. Əvvəllər şikayət və qeyri-müəyyənliklə bağlı paylaşımlar üstünlük təşkil edirdisə, “myGov” bu ehtiyacları sistem daxilində həll edir. Nəticədə sosial mediada daha çox təcrübə paylaşımı, istifadə rahatlığı və müqayisə xarakterli məzmunlar artır. Bu proses rəqəmsal savadlılığın yüksəlməsi ilə paralel gedir. Eyni zamanda, platforma xidmətləri daha şəffaf etdikcə sosial mediada müzakirələrin tonu da dəyişir. Vətəndaş xidmətin mərhələlərini izləyə bildiyi üçün qeyri-müəyyənlik azalır, emosional reaksiyalar yerini daha əsaslandırılmış və faktlara söykənən müzakirələrə verir. Bununla belə, sosial medianın rolu zəifləmək əvəzinə transformasiya olunur. O, artıq əsasən təhlil, rəy və təcrübə paylaşımı platforması kimi çıxış edir və ictimai rəyin formalaşmasında daha keyfiyyətli rol oynayır”.


Arzu Poladova

#azərbaycan #rəqəmsal #davranışları #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər