Növbəti tədris ilindən distant təhsilin tətbiqi gözlənilir
Müasir dövrdə distant təhsil modeli gündəmə gəlir. Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan “Vacib Sual” verilişində bildirib ki, bu model həm səmərəlilik, həm planlaşdırma xərclərinin azaldılması, həm də prosesin rahatlığı baxımından əhəmiyyətlidir. Nazir vurğulayıb ki, distant təhsil sayəsində uşaqlar və müəllimlər öz yaşadıqları ərazilərdən uzaqlaşmadan təhsil ala biləcəklər. Ölkədə artıq demək olar ki, bütün yaşayış məntəqələrində məktəblər fiber-optik internetlə təmin olunub və müvafiq avadanlıqların təmin olunması ilə növbəti tədris ilindən pilot modelin tətbiqi planlaşdırılır.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, məktəblər 2026–2027-ci ildən distant təhsilə keçə bilər:
“Hazırda şagird sayı az olan bəzi hallarda maksimum 4 şagirdin təhsil aldığı müəssisələr mövcuddur və həmin təhsil ocaqlarının distant təhsilə cəlb olunması nəzərdə tutulur. Eyni zamanda təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması prosesi aparılır. Bu qərarlar çərçivəsində bəzi məktəblərin birləşdirilməsi məsələsi də gündəmdədir. Təbii ki, birləşdirmə prosesi zamanı şagirdlərin bir ünvandan digər ünvana daşınması məsələsi ortaya çıxır. Lakin bəzi hallarda şagirdlər bu daşınmanı istəmirlər. Bu proses müəyyən qədər əziyyətli olduğu üçün qərara alınıb ki, həmin şagirdlər distant formada təhsil alsınlar. Distant təhsili biz “Covid-19” pandemiyası dövründə təcrübə etmişik. Hazırda düşünürəm ki, şagirdlərin uzun məsafə qət etməsindənsə, distant dərslərə qoşulmaları daha məqsədəuyğun olar. Digər tərəfdən az şagird olan siniflərdə müəllimlərin motivasiyası da bəzən aşağı olur, eləcə də şagirdlərin dərsdən yayınma halları müşahidə edilir. Distant təhsil isə bu kimi halların qarşısını almaqla təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Əlbəttə, distant təhsilin əsas problemləri internet və elektrik enerjisi təminatı ilə bağlıdır. Bu məsələlər öz həllini taparsa, distant təhsilin tətbiqi zamanı ciddi problem yaşanmaz”.
Ədilə Hüseynzadə
