00:00:00
Yazar
Asiman Vəliyeva
14.04.2026 16:33 44 2 dəq oxuma
Sosial

Nağdsız ödənişlər üzrə komissiya limitləri təsdiqlənib

Nağdsız ödənişlər üzrə komissiya limitləri təsdiqlənib

İyunun 1-dən etibarən kart ödənişlərində komissiya haqlarına yuxarı hədd tətbiq ediləcək. Yeni qaydalar ilk baxışdan texniki görünsə də, bu dəyişiklik gündəlik alış-verişdən tutmuş qiymətlərə qədər bir çox sahəyə təsir edə bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirir ki, Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının biznes üçün yaratdığı xərclər bu sahədə əsas problemlərdən biri olaraq qalır:


“Mövcud vəziyyət həyata keçirilən siyasətin effektivliyinə müəyyən maneələr yaradır. Belə ki, sahibkarlar ticarət münasibətlərində mümkün qədər nağdsız ödənişlərdən yayınmağa çalışır, müxtəlif formalarda buna müqavimət göstərirlər. Bunun əsas səbəbi isə, bu istiqamətdə xərclərin yüksək olmasıdır. Hazırda ekvayrinq xidmətlərinin xərcləri bəzi sahələrdə 3 faizə qədər yüksəlir. Məsələn, iaşə sektorunda bir çox banklar bu xidmətləri təxminən 3 faiz səviyyəsində təqdim edir. Regionlarda isə, xüsusilə, pərakəndə ticarətdə bu göstərici 2 faizdən yuxarıdır. Bu isə sahibkarlar üçün ciddi maliyyə yükü yaradır. Çünki 2 faizlik xərc artıq faktiki olaraq vergi yükünə bərabər hesab olunur. Nəzərə alsaq ki, regionlarda fəaliyyət göstərən sahibkarların əksəriyyəti sadələşdirilmiş vergi üzrə 2 faiz ödəyicisidir, bu halda ekvayrinq xərcləri bəzi sahələrdə vergidən də yüksək olur”.


Rəşad Həsənov qeyd edir ki, bununla yanaşı, dövriyyəsi aşağı olan müəssisələr üçün əlavə limitlərin tətbiqi də müşahidə olunur:


“Bu limitləri qarşılamayan sahibkarlar aylıq 50–100 manat aralığında sabit komissiya ödənişləri ilə üzləşirlər. Belə şəraitdə onların nağdsız ödənişlərdən yayınmağa çalışması və xərcləri optimallaşdırmaq istəyi təbii qarşılanır. Bu baxımdan, bank sektorunda qəbul olunan son qərar uzun müddətdir müzakirə olunan məsələ olsa da, müsbət təsir göstərə bilər. Hazırda Avropa ölkələrində bəzi hallarda interçeync tarifləri üzrə yuxarı hədd 0,2–0,3 faiz səviyyəsində müəyyən edilib. Bu isə ödəniş xidmətlərinin maya dəyərinin aşağı saxlanmasına imkan yaradır. Qeyd edilməlidir ki, ekvayrinq xidmətlərinin xərclərinin əhəmiyyətli hissəsi məhz interçeync haqlarından formalaşır. Bu xidmətlər əsasən “Mastercard” və “Visa” kimi beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunur və tariflər bazarın miqyası, eləcə də yerli tənzimləyici qurumların müəyyən etdiyi yuxarı hədlərdən asılı olaraq dəyişir”.


Ekspert qeyd edir ki, hazırkı qərarla interçeync tariflərinə yuxarı həddin müəyyən edilməsi və ümumi komissiya xərclərinin aşağı istiqamətdə yenidən nəzərdən keçirilməsi sahibkarlar üçün daha əlverişli şərait yarada bilər:


“Bu da öz növbəsində nağdsız ödənişlərə qarşı müqavimətin azalmasına, dövriyyənin artmasına və regionlarda ödəniş infrastrukturunun genişlənməsinə səbəb ola bilər. Ümumilikdə, bu xərclər orta və uzunmüddətli dövrdə mal və xidmətlərin qiymətlərində də öz əksini tapır və nəticədə istehlakçılar bu yükü hiss edir. Xərclərin azalması gələcəkdə qiymət artımı təzyiqlərinin zəifləməsinə və qiymətlərin optimallaşmasına müəyyən töhfə verə bilər”.


Ədilə Hüseynzadə

#komissiya #yeni #baki #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər