00:00:00
Yazar
Admin User
11.07.2023 07:59 325 6 dəq oxuma
Sosial

"Narkomanlar narkotiki ikinci həyatı və hətta həyatının tamamı kimi görənlərdir"

"Narkomanlar narkotiki ikinci həyatı və hətta həyatının tamamı kimi görənlərdir"

Müsahibim 7 il narkotikdən istifadə edən və 3 ildir ki aludəçilikdən qurtulmağı bacaran şəxsdir. O, deyir ki, narkoman davamlı bu cür maddələrdən istifadə edənlərə deyilir: “Ola bilər ki, bir gün öncəsinə qədər narkotikdən istifadə edəsən. Əgər bir gün öncə istifadə etmiş, lakin sabahkı gün istifadə etmirsənsə, məncə, sən artıq narkoman deyilsən. Narkomanlar narkotiki ikinci həyatı və hətta həyatının tamamı kimi görənlərdir”.

 

O deyir ki, narkotik istifadəsinə başlama səbəbi yaşadığı həyat tərzi olub: “İstifadə etdiyim vaxt əsəb pozğunluğu yaşayırdım. Əsasən, olduğum mühitə və həmin mühitdəki insanlara qarşı münasibətim, davranışım daha xoş və emosional idi. Narkotik istifadə edirsənsə, özun istəməsən belə bir çox səhvlər edirsən”.

 

Müsahibim hesab edir ki, narkotik istifadə edərkən istər-istəməz ətrafına, yaxınlarına və əsas da özünə yalan danışırsan: ”Amma ondan qurulanda tək gözəl nəticəsi yalanın necə iyrənc bir mövhum olduğunu anlamağım oldu. Bu, hər insan üçün fərqli ola bilər. Məncə, bir çox insan üçün onu tərgitmək və həyatından çıxarmaq çox gözəl nəticədir. Mənə gəldikdə isə, xeyr, mənim üçün narkotiklə olan bağlılığımı məhv etmək çox da çətin olmadı və düşünürəm ki, mənə verdiyi ən gözəl nəticə yalanı ucuzlaşdırması oldu. O zamanlar işləyirdim. İstifadə edən bir çox insan bilir ki, narkotik insana həm də süni enerji verir. Bu süni enerji insanda yuxu pozğunluğu yaradır. Yəni nəticədə yuxunun nə olduğunu bilmirsən. Lakin pis tərəfi isə yuxusuz qalıb çəkdiyin zəhmətin qarşılığında yenidən narkotik istifadə etməli olduğundur. Digər bir məsələ isə ətrafın, yəni ətrafında olan və narkotik istifadə edən “dost”larındır. Çünki onlarla keçirdiyin vaxtda narkotik istifadə edirsən”.

 

O, narkotikdən asan qurtulduğunu deyir: “Qurtulmaq mənim üçün çox çətin olmadı. Oyandığımda sadəcə halımın çox pis olacağını və üstümdə olan narkotikin mənə kömək edəcəyini düşündüm. Daha sonra isə yalnız və yalnız bir neçə saniyəlik müddətdən sonra narkotikdən uzaqlaşdım. Əslində bu, adi haldır, çünki insan pis, üzgün, xəstə, yaxud halsız olduğu vaxtlar haradasa nəyisə səhv etdiyini və o səhvinin ucbatından düşdüyü vəziyyətdə olduğunu düşünür. Bəli, bu doğrudur, lakin nəzərə almaq lazımdır ki, səhv olan hər zaman səhvdir və bu səhvi sən özün bilərək edirsənsə, bu, artıq səhvlikdən çıxır, axmaqlıq olur. Bəzi narkotik istifadəçiləri "narkotiki həyatımdan çıxara bilmirəm" deyir. Məncə, bu əzginlikdir və bunu heç düzgün hesab etmirəm. Çünki biz narkotiki həyatımızdan uzaqlaşdırmalıyıq, o bizdən uzaqlaşa bilməz. Həyatımın dəyərli olduğunu anladım və ondan qurtuldum”.

 

Müsahbibim deyir ki, narkotikdən qurtulduqdan sonra belə keçmişinizin təsiri həyatınızda davam edir. Amma bu, ömür boyu davam etmir. Müəyyən müddət sonra həyatın yoluna düşür: “Narkotik istifadə etdiyim zaman bəzi işlərin mənə uyğun olmadığını deyənlər olub, ancaq indi bu dəyişib. İstifadəsini bitirmişəm, başqa sözlə qurtulmuşam və elə bir iş olmayıb ki, sırf öncələr narkotikdən istifadə etdiyimə görə çalışmağıma icazə verməsinlər”.

 

Narkotik aludəçisi olduğu həyatla indiki həyatı arasındakı fərqlərdən bəhs edən müsahibim bildirir ki, indi həyatı daha şən və daha əyləncəlidir: “Mənim kimi 15 yaşında narkotiklə tanış olan insanlar, bəlkə də, çoxdur ya da azdır. O zamanlar hamının bildiyi və ən çox istifadə etdiyi narkotikdən istifadə edirdim və onu yaşadığım yerdə olan yaxın insan becərirdi. Ondan uzaqlaşdım və çox qısa bir zaman sonra daha pis mühitə düşdüm. Həmin mühitdə isə bunu öz istəyimlə etdim. İndiki həyatım daha gözəl, daha şən və daha əyləncəlidir”.

 

O, “narkotikə məcburam” deyənlərin haqlı olmadığını və bu həyatda heç nəyin məcburi olmadığını deyir: “7 il (əsgərliyim xaric) istifadə etdim. Keçirdiyim 7 ilə təəssüflənmirəm, çünki 7 ili başqa şəkildə də keçirə bilərdim və bu cür olmasının məni daha pis şeylərdən uzaq saxladığını düşünürəm. İstifadə etmiş və zərərlərini görmüş bir insan olaraq istifadəsini heç kimə tövsiyə etmirəm. Aludəçisi olan insanlara deyərdim ki, sizin ondan asıl olduğunu düşünməyin. Dözümlü və iradəli olmağınız bu yolda sizə kömək edəcək”.

 

Üç ildir narkotikdən qurtulan müsahibim deyir ki, onun heç bir halda mənə yenidən qalib gələ biləcəyini düşünmürəm.

 

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Sona Xudaverdiyeva hesab edir ki, şəxsin psixotrop maddə aludəçiliyindən qurtulmasını onun bir daha istifadə etməyəcəyinə qərar verdiyi andan qəbul edə bilərik: “Şəxs özü bu müalicəyə başlamaq istəməlidir. İndividual olduğu üçün tam olaraq bir müddət aralığı deyə bilmərik. Həkim müayinəsindən sonra xəstəliyin fiziki, yoxsa psixi olduğu müəyyən olunur. Bundan sonra müalicəyə başlanılır. Müalicə prosesi təkcə narkoloq tərəfindən deyil, psixiatrla birlikdə aparılır. Bu zaman həm fiziki, həm də psixi asılılıqlar üzərində işlənilir. İlk olaraq fiziki asılılıq əlamətləri aradan qaldırılır. Daha sonra müalicənin əsas mərhələsi başlayır. Bura psixi asılılığın aradan qaldırılması daxildir. Bu zaman realibitapsat və müxtəlif psixoterapevtik metodlar daha yaxşı nəticə verir. Əsasən, asılılıqlarda 12 addım metodundan istifadə olunur. Xəstəlikdən qurtulmanın yolları addım-addım xəstəyə öyrədilir və həyatına psixoaktiv maddə olmadan necə uyğunlaşa biləcəyi aşılanır. Lakin bunların heç biri qısa müddətə başa gəlmir. Minimum 2-3, yaxud 6 ay, tam şəkildə isə hətta 2 il və daha artıq müddət tələb olunur”.

 

Həkim hesab edir ki, bu zaman ən təhlükəlisi mütəmadi, davamlı istifadədir. Qısa müddətdə asılılıq yaradır. Bununla bərabər xəstədə həm dərin fiziki, həm psixi-emosional dəyişikliklər törədir.

 

Narkoloq deyir ki, əgər ailə üzvlərinizdə və ya yaxınlarınızda narkomaniya istifadəsinə dair hər hansı əlamət görürsünüzə ehtiyatlı şəkildə bunu ona bildirin: “Kobud, kəskin davranışlardan çəkinilməlidir. Çünki istifadəçilər adətən bunu ailə üzvlərindən gizlətməyə çalışırlar və onlardan şübhələndiklərini deyən şəxslərdən qısa müddətdə uzaqlaşırlar. Xəstə ilə mülayim olmayan insanların xəstəyə münasibəti neqativ olur və xəstəni başa düşmürlər. Onu xəstə kimi yox, cinayətkar, iradəsiz kimi qiymətləndirirlər ki, bu da xəstənin həkimə daha gec müraciət etməsi ilə nəticələnir. Ətrafdakılar yaxşı davranarlarsa, xəstəni müalicəyə olmasa belə, ən azından müayinəyə gətirmək mümkün olur. Çünki məhkəmə qərarı olmadığı təqdirdə könüllülük olmadan xəstəni müalicə etmək olmaz. Məhkəmə qərarı isə yalnız xəstə hər hansı bir cinayət törətdikdə, yaxud ailəsinə zərər verdikdə, ailənin məhkəməyə şikayətinin məhkəmə tərəfindən qəbul olunduğu zaman qəbul olunur”.

 

Psixotrop maddələrdən istifadə edən insanlarda nə cür davranışlar müşahidə edildiyi məsələsinə toxunan narkoloq deyir ki, xəstənin davranışlarının dəyişməsi xəstəliyin əsas xüsusiyyətlərindən biridir, çünki şəxsin davranışı maddə axtarışına, yəni fizioloji, psixoloji tələbatların ödənilməsinə yönəlir: “İlk növbədə şəxs bəzi şeyləri yaxınlarından gizlətməyə başlayır. Yeni davranışlar yaranır. Məsələn, evə gec-gec gəlməyə başlayır, müxtəlif ağrılar yaranır, yuxu pozğunluqları yaşayır və s. Valideyn çox vaxt bunu anlamır, çünki şəxsin təhsilində, işində problemləri olduğunu düşünür. Bundan sonra şəxsdə özünəqapanmalar olur. Maddə istifadəçiləri ilə zaman keçirməyə, ətrafını dəyişməyə başlayır. Onu günahlandıran, tənqid edən insanlardan uzaqlaşır. Əldə etdiyi pulu ailəsinə deyil, başqa yerlərə sərf etdikdə nəticə olaraq ailədə ona qarşı suallar yaranır. Ətrafına qarşı dözümsüzlük, aqressivlik, əhval-ruhiyyənin səbəbsiz pozulması, tez qıcıqlanma, emosional davamsızlıq halları da müşahidə olunur. Xəstəlik dərinləşdikcə yalan danışmaq kimi hallar meydana gələ bilir. Pul əldə edə bilmədikdə marketlərə, mağazalara, insanlara borclarının yaranması da tez-tez rast gəlinən hallardandır. Ailələrin müraciətləri də, əsasən, bu yöndə olur. Maddə qəbulundan sonra isə xəstədə yuxululuq və sakitlik müşahidə edilir. Yox, əgər xəstə oyadıcı maddələrdən istifadə edərsə, şən olur, müxtəlif planlar qurur, çox aktiv davranışlar sərgiləyir. Digər ən önəmli hərəkətlərdən biri də həmin şəxsin saatlarla hamam otağından çıxmamasıdır”.

 

Narkoloq deyir ki, son illərdə ölkəmizdə narkotik istifadəçilərinin sayı 2010-cu illə müqayisədə daha çoxdur: “Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, məsələn, əvvəl müalicə edilən insanların 70%-ində alkoqol, 30%-ində psixotrip maddə asılılığı müalicəsi müşahidə olunurdusa, artıq bu faizlərdə 2020-ci illərdən sonra kəskin sürətdə artım müşahidə olunur. Yalnız aludəçilərin deyil, mütənasib olaraq maddələrin növlərində də artım var”.

 

Narkotik vasitələrin necə yayılmasına gəldikdə isə o hesab edir ki, istifadə edən şəxslər ətraflarındakı şəxslərə yayırlar:”Əsasən, yeniyetmələr, gənclər yenilik axtarır və təhlükənin fərqinə varmadığı üçün həmin maddələrdən istifadə etməyə başlayırlar. Bir çox hallarda yeniyetmələr, gənclər asılılıq yaradacağını sanmadıqları üçün istifadə etsələr də zamanla aludəçisi olurlar”.

  

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər