00:00:00
Yazar
Lalə Qafarova
17.04.2026 16:05 64 2 dəq oxuma
Dünya

NATO-dan Moskvaya psixoloji zərbə: "Qələbə artıq Putin üçün xəyaldır"

NATO-dan Moskvaya psixoloji zərbə: "Qələbə artıq Putin üçün xəyaldır"

NATO Baş katibi Mark Rutte bəyan edib ki, Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır və mövcud vəziyyət Kremlin uzunmüddətli hədəflərinə çatmasını çətinləşdirir.

 

"Qələbə qazanmaq artıq Putin üçün uzaq bir xəyaldır. O, ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu anlayır", - deyə Alyans rəhbəri vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a özəl şərh verən politoloq Yusif Bağırzadə qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız cəbhə xəttində deyil, həm də siyasi, iqtisadi və psixoloji müstəvilərdə davam edən çoxqatlı bir qarşıdurmaya çevrilib.

 

Politoloq Ruttenin  səsləndirdiyi bu kəskin bəyanatların pərdəarxasına toxunaraq bildirdi ki, bu çıxışlar hər nə qədər emosional ritorika kimi görünsə də, əslində NATO-nun strateji kommunikasiya xəttinin bir hissəsidir:

 

"Bu kontekstdə Ruttenin açıqlaması həm daxili Qərb auditoriyasına, həm də Moskva rəhbərliyinə ünvanlanmış strateji bir mesaj kimi oxunmalıdır".

 

Yusif Bağırzadə sözlərinə davam edərək onu da vurğuladı ki, bu bəyanatı birbaşa müharibənin yeni mərhələsi kimi qiymətləndirmək ehtiyatlı yanaşma tələb edir. 

 

Ekspertin fikrincə, Alyansın hazırkı prioriteti hərbi müdaxilədən çox, Ukraynanın daxili dayanıqlığını artırmaqdır.


Buna görə də, Ruttenin sərt dili daha çox "psixoloji təzyiq" və informasiya üstünlüyü yaratmaq məqsədi daşıyır. Politoloq hesab edir ki, bu tip bəyanatlar Rusiya daxilindəki iqtisadi və siyasi zəiflik narrativini gücləndirməklə uzunmüddətli strateji balansa təsir göstərir.

 

NATO-nun gələcək addımlarına toxunan ekspert, alyansın yaxın perspektivdə birbaşa müdaxiləyə hazırlaşdığı barədə nəticə çıxarmağın doğru olmadığını qeyd etdi. O xatırlatdı ki, Ukrayna Alyansın üzvü olmadığı üçün birbaşa hərbi müdaxilə hələ də yüksək riskli eskalasiya variantı olaraq qalır.

 

Müsahibimiz son olaraq Kremlin bu mesajlara reaksiyasını və nüvə təhlükəsi ehtimalını belə qiymətləndirdi:

 

"Rusiya iqtisadiyyatına dair təzyiq narrativi Moskva üçün yeni deyil. Nüvə ritorikasının alovlanmasına gəldikdə isə, bu, daha çox strateji çəkindirmə vasitəsidir. Ruttenin sözləri dərhal hərbi eskalasiya riskini artıran faktor kimi deyil, davam edən informasiya müharibəsinin daha qətiyyətli mərhələsi kimi qəbul olunmalıdır".

 

Lalə Qafarova


 

#gündəm #rusiya #nato #markrutte
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər