NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər - ŞƏRH
NATO ölkələrinin Hörmüz boğazında keçirilən əməliyyatlara qoşulması ehtimalı regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, NATO-nun mümkün iştirakı regiondakı təhlükəsizlik balansında ciddi dəyişikliklərə səbəb ola bilər:
“İran artıq müəyyən mənada küncə sıxışdırılıb və buna təkcə Amerika Birləşmiş Ştatları nail olub. Lakin NATO-ya üzv digər ölkələr də bu prosesə qoşularsa, İranın vəziyyəti daha da ağırlaşa bilər. İran hazırkı vəziyyətdə çətin durumda olsa da, hələ də özünü güclü göstərməyə çalışır. NATO ölkələrinin prosesə qoşulması isə Tehrana açıq şəkildə göstərəcək ki, artıq manevr və manipulyasiya imkanları xeyli məhdudlaşıb. İstər ayrı-ayrı NATO üzvlərinin, istərsə də bütövlükdə NATO-nun bu prosesdə iştirakı İran üçün “yolun sonuna yaxınlaşdığının” göstəricisi ola bilər. Belə bir şəraitdə İran hətta ictimai rəyə təsir göstərmək məqsədilə yaydığı təbliğat materiallarından da imtina etməyə məcbur qala bilər. Bu isə münaqişənin daha tez başa çatmasına və İranda yeni status-kvonun formalaşmasına şərait yarada bilər. Avropa ölkələrinə gəldikdə isə, şərhçi əsasən Avropa İttifaqı ölkələrini nəzərdə tutduğunu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-nin qlobal siyasətdə birtərəfli hegemonluğundan məmnun deyil və Vaşinqtonun beynəlxalq məsələlərdə Avropa ilə daha koordinasiyalı fəaliyyət göstərməsini istəyir”.
Azər Həsrət qeyd edib ki, Donald Tramp ikinci dəfə prezident vəzifəsinə başladıqdan sonra Avropa İttifaqının maraqlarını əvvəlki qədər nəzərə almır və özünü yeganə qlobal güc kimi təqdim etməyə çalışır:
“Bu səbəbdən də Avropa ölkələri Tramp administrasiyasının mümkün uğurlarını böyük həvəslə qarşılamırlar. Onlar ABŞ-nin müəyyən çətinliklərlə üzləşməsini və nəticədə Avropa ölkələrinin dəstəyinə ehtiyac duymasını istəyə bilərlər. Belə olan halda, Avropa dövlətləri beynəlxalq proseslərdə öz təsir imkanlarını artırmağa çalışacaqlar. Bölgə ölkələrinə gəlincə isə, onların hamısı münaqişənin tezliklə başa çatmasını arzulayır. Çünki ABŞ bir tərəfdən İrana qarşı hərbi təzyiq göstərdiyi halda, İran da cavab addımları çərçivəsində münaqişə ilə birbaşa əlaqəsi olmayan bəzi müsəlman ölkələrini hədəfə alır. Nəticədə həmin ölkələr istəmədən qarşıdurmanın təsir dairəsinə düşürlər. Buna görə də bölgə ölkələrinin əsas marağı müharibənin dayandırılması, ABŞ ilə İran arasında razılığın əldə olunması və bölgədə dayanıqlı sülhün təmin edilməsidir”.
Selcan Xudiyeva