Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına start verib. ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsini əhatə edən 188 km-lik dəmir yolunun layihələndirilməsi başa çatıb. Tikintinin bitmə vaxtı isə hələ müəyyən deyil.
ADY paralel olaraq rəqəmsallaşma və dekarbonizasiya istiqamətində də yeniliklər edir. ADB ilə birlikdə hazırlanan layihələr əməliyyatların rəqəmsal idarəetməsini, təhlükəsizliyin və səmərəliliyin artırılmasını hədəfləyir. Sərnişin xidmətlərində onlayn bilet, rəqəmsal identifikasiya və ağıllı turniketlərin tətbiqi nəzərdə tutulur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə Naxçıvan ərazisindən keçən dəmir yollarının fərqli istiqamətlərə çıxış imkanının olması həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərb marşrutları üzrə bu ərazinin strateji əhəmiyyətini artırır:
"Bu dəmir yolları hər tərəflə əlaqəni təmin etdiyi üçün Naxçıvanın bir nəqliyyat "xabı"na çevrilməsi prosesi artıq müşahidə olunur. Dəmir yolunun dövrün tələblərinə uyğun şəkildə yenilənməsi həm tranzit potensialının artırılmasına, həm daşımaların sürətinin yüksəldilməsinə, həm də yeni istiqamətlərin formalaşmasına şərait yaradır.
Dekarbonizasiya məsələsinə gəldikdə isə, burada əsas məsələ dəmir yollarının elektrikləşdirilməsidir. Hazırda ölkə ərazisindəki dəmir yollarının təqribən 60%-i elektrikləşdirilib. Bu göstəricinin 100%-ə çatdırılması məqsədəuyğundur. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri boyunca tam elektrikləşdirilmiş və zərərli yanacaqlardan uzaq dəmir yollarının qurulması daşımaların effektivliyinə birbaşa təsir edəcək.
Qısa və uzunmüddətli perspektivlərə gəldikdə, bölgədə nəqliyyat baxımından ciddi canlanma müşahidə olunur və Azərbaycanın üzərindən keçən dəhlizlərin əhəmiyyəti getdikcə artır. Bu, ölkənin daha çox yük daşımaq potensialına malik olduğunu göstərir. Məsələn, Şimal-Cənub dəhlizi üzrə qısamüddətli perspektivdə 5 milyon ton, orta və uzunmüddətli dövrdə isə 15 milyon ton yük daşınması nəzərdə tutulur.
Şərq-Qərb dəhlizi üzrə Gürcüstan istiqaməti ilə 40 milyon tonluq yükdaşıma potensialı mövcuddursa, Zəngəzur dəhlizinin açılması ilə bu göstəriciyə əlavə olaraq 15 milyon ton da artırıla bilər. Üstəlik, Fars körfəzindən Qara dəniz limanlarına gedən yüklər üçün Naxçıvan və Ermənistan üzərindən Gürcüstana çıxış imkanı əlavə 5 milyon ton yük axını deməkdir.
Nəticə olaraq, sürətli və müasir dəmir yolları qurulmalı, tranzit müddətləri azaldılmalı, rabitə və siqnalizasiya sistemləri yenilənməli, proseslər rəqəmsallaşdırılmalı və hərəkət tərkibi (lokomotiv və vaqonlar) dövrün tələbinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, bu sahədə çalışan əməkdaşlar üçün mütəmadi təlimlər keçirilməli, onlar beynəlxalq trendlərlə tanış edilməli və peşəkarlıqları artırılmalıdır. Bu cür hazırlıq və infrastruktur islahatları sayəsində dəmir yolları sektorunda inkişaf davamlı olacaq".
Aişə Mustafayeva
