Naxçıvanda dəmir yolu bərpa olunur
Naxçıvan Muxtar Respublikasında 188 kilometrlik dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən layihə Naxçıvanın nəqliyyat blokadasının aradan qaldırılması və regionun iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Bulud Bağırov bildirib ki, ilk növbədə Naxçıvan dəmir yolunun bərpası Azərbaycanın tranzit ölkədən regional nəqliyyat qovşağına çevrilməsi prosesini sürətləndirə bilər:
"Əsasən, coğrafi parçalanmanın aradan qalxması nəticəsində Naxçıvanla Bakı arasında dəmir yolu bağlantısı yaranır. Yəni Azərbaycanın daxili logistikasını bütövləşdirir və nəqliyyat xərclərini azaldır. Sonra Şərq–Qərb və Şimal–Cənub dəhlizləri tamamlanır. Bakı–Tbilisi–Qars xətti və potensial İran–Azərbaycan–Rusiya marşrutları ilə inteqrasiyası mümkün olur. Daha sonra, Türkiyə ilə birbaşa quru yolu bağlantısının güclənməsi nəticəsində Azərbaycanın türk dünyası və Avropa bazarlarına çıxışını daha sabit və geniş edir. Azərbaycan regionda alternativ marşrutlar təqdim edən əsas oyunçuya çevrilir, bu da olkəmizin danışıqlarda mövqelərini möhkəmləndirir.
Dəmir yolunun bərpası bir neçə istiqamətdə yeni yük axınları və artan həcmlər, aşağıdakı yeni logistik istiqamətlər yarada bilər:
1. Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Naxçıvan – Türkiyə – Avropa
2. İran – Naxçıvan – Azərbaycan – Qara dəniz / Gürcüstan
3. Rusiya – Azərbaycan – Naxçıvan – Türkiyə
Konteyner daşımaları, kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye malları və tikinti materialları, enerji sektoruna aid avadanlıqlar kimi yük növlərinin həcmləri artacaq. Daşıma vaxtının azalması, multimodal daşımaların (dəmir yolu + dəniz + avtomobil) genişlənməsi, Naxçıvanda logistika mərkəzlərinin formalaşması kimi logistik imkanlar yarana bilər.
Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin praktiki və iqtisadi əsasını gücləndirən əsas elementlərdən biri ola bilər. Dəhliz yalnız siyasi razılaşma deyil, real işlək nəqliyyat xətti statusu qazanacaq. Yük və sərnişin daşımalarının fasiləsizliyi təmin olunacaq. Alternativ marşrutlarla, məsələn, Gürcüstan üzərindən keçən yolla müqayisədə daha qısa məsafə yaranacaq və s. kimi funksiyaları artacaq. Tranzit tarifləri və vaxt baxımından üstünlüklər, Türkiyə və Orta Asiya üçün daha cəlbedici marşrutlar, Regionda Ermənistan üzərindən keçən və ya onu yan keçən digər marşrutlarla müqayisədə daha sabit və təhlükəsiz seçim kimi rəqabətlər yaranacaq. Yekunda strateji baxımdan, Zəngəzur dəhlizi Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilməsi nəticəsində, Azərbaycan nəqliyyat siyasətində mərkəzi əlaqələndirici ölkə rolunu möhkəmləndirəcək. Nəticədə, Naxçıvan dəmir yolunun bərpası Azərbaycanın tranzit gəlirlərini artıracaq, Regional iqtisadi inkişafı dərinləşdirəcək".
Aişə Mustafayeva
