Naxçıvanda dəmir yolunun bərpası iqtisadi canlanma yaradacaq
Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun tam müasirləşdirilməsi nəzərdə tutulur. Dövlət başçısının sözlərinə görə, artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir və gələn il başa çatması gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az” saytına açıqlamasında iqtisadçı Toğrul Vəliyev dəmir yolunun bərpasının Naxçıvan üçün böyük iqtisadi əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, ilk növbədə Naxçıvan öz məhsullarını Azərbaycanın digər bölgələrinə daha asan və ucuz ixrac etmək imkanına malik olacaq:
“Əgər dəmir yolu tam bərpa olunsa, məhsullar Bakıya və digər bölgələrə daha sürətli və aşağı maya dəyəri ilə çatdırılacaq. Bu, həm qiymətlərin ucuzlaşmasına, həm də ticarət imkanlarının genişlənməsinə şərait yaradacaq. Naxçıvanda iqtisadi canlanma baş verəcək, çünki insanlar artıq Bakıya köçmək məcburiyyətində qalmayacaq, yerli məşğulluq artacaq.
Hazırda yük maşınları ilə daşınan məhsullar baha başa gəlir. Qatar nəqliyyatı isə həm daha ucuz, həm də daha həcimli yüklərin daşınmasına imkan verir. Bu da həm Naxçıvan, həm də Azərbaycanın ümumi iqtisadiyyatı üçün yeni fürsətlər açacaq”.
Onun sözlərinə görə, dəmir yolunun tranzit imkanları Gürcüstan vasitəsilə mövcud olan xəttlə müqayisədə daha məhduddur: məsafə, infrastruktur və tarif fərqləri bu sahədə məhdudiyyət yarada bilər. Bununla belə, Naxçıvan üzərindən gedən dəmir yolu uzunmüddətli perspektivdə regional əməkdaşlıq və iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək.
Ayan Əsgərova
