00:00:00
Yazar
Elmira Ağayeva
09.10.2026 21:36 31 2 dəq oxuma
Araşdırma

Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib

Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib

 

Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetində Gənclərin Süni İntellekt Forumu keçirilib.

“İnformator.az” xəbər verir ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.

Forumun əsas məqsədi gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, bu texnologiyaların peşələrə və karyera seçiminə təsirini müzakirə etmək, eləcə də onları əmək bazarının dəyişən tələblərinə hazırlamaqdır.

 

Qeyd edək ki, Azərbaycanda rəqəmsal texnologiyaların və süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib. Strategiyada bu sahədə ixtisaslı kadr potensialının gücləndirilməsi, bilik və bacarıqların artırılması əsas hədəflər sırasındadır.

Tədbirin açılışında Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən və süni intellekt sahəsində gənclər üçün yaradılan imkanlardan danışıblar.

Forum çərçivəsində “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktoru Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Siyasəti şöbəsinin müdiri Vüsal Süleymanlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov iştirak ediblər.

Müzakirələr zamanı süni intellektin inkişafı nəticəsində peşələrdə baş verən dəyişikliklər, əmək bazarının yeni tələbləri və gənclərin bu sahədə karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Milli Süni İntellekt Mərkəzinin marketinq mütəxəssisi Qismət Abdullanın təqdimatında “Agentic AI və onun real həyatda tətbiqi” mövzusunda vörkşop təşkil olunub. İştirakçılara süni intellektin tətbiq imkanları və praktik istifadə sahələri barədə məlumat verilib.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən Gənclərin Süni İntellekt Forumu bu il dördüncü dəfə təşkil olunub. Forum gəncləri, ekspertləri və müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirərək süni intellekt və müasir texnologiyaların inkişafı ilə bağlı fikir mübadiləsi üçün platforma rolunu oynayır.

#yeni #süni #gündəm #i̇ntellekt
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər