00:00:00
Yazar
Admin User
06.12.2025 09:33 102 2 dəq oxuma
İqtisadiyyat

“Naxçıvanda hazırda çox istiqamətli dəyişikliklər gedir”

“Naxçıvanda hazırda çox istiqamətli dəyişikliklər gedir”

Naxçıvanda son aylar ərzində işsizlik göstəricilərində və icbari tibbi sığorta haqları üzrə daxilolmalarda artım qeydə alınır. Bu proses həm bölgədə gedən sosial-iqtisadi islahatlarla, həm də yeni infrastruktur layihələrinin region iqtisadiyyatına gətirdiyi dinamika ilə əlaqələndirilir.


Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, müşahidə etdiyimiz vəziyyət onu göstərir ki, Naxçıvanda hazırda çox istiqamətli dəyişikliklər gedir:


“Hökumət müxtəlif sahələrdə ardıcıl islahatlar həyata keçirir və xüsusilə kadr islahatları diqqəti cəlb edir. Bunun fonunda Zəngəzur dəhlizinin Naxçıvan üzərindən keçməsi məsələsi region üçün strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə tranzit imkanlarını artırmır, həm də Naxçıvanın iqtisadi dayanıqlığını uzunmüddətli perspektivdə gücləndirə bilər. Artıq ərazidə dəmir yolu xəttinin tikintisinə başlanması isə bölgə üçün çox müsbət siqnaldır. Belə böyük infrastruktur layihələri adətən həm tikinti mərhələsində, həm də sonrakı periodlarda yüzlərlə yeni iş yerinin açılmasına səbəb olur. Bu da təbii olaraq işsizliyin azalmasına, iqtisadi aktivliyin artmasına və regionun daha cəlbedici investisiya mühitinə çevrilməsinə şərait yaradır. Xidmət sektoru genişlənir, əlavə sahələr formalaşır və burada dövlətin verə biləcəyi güzəştlər investor marağını bir qədər də artırır. Bundan başqa, dövlət proqramları çərçivəsində Naxçıvanın mövcud potensialından daha səmərəli istifadə etmək mümkündür. Təbii ehtiyatlara əsaslanan sahələrdə yeni istehsal klasterlərinin yaradılması, azad iqtisadi zonaların tətbiqi bölgənin iqtisadi strukturunu gücləndirə bilər. Belə zonalarda vergi və digər güzəştlərin verilməsi həm yerli sahibkarların, həm də xarici investorların marağını stimullaşdırır və ümumi iqtisadi fəallığı artırır”.

 

Həmçinin şərhçi qeyd edib ki, sosial sahədə də mühüm addımlar atılır:

 

“İcbari tibbi sığortanın tam şəkildə tətbiqi həm tibbi xidmətlərin bir xidmət sahəsi kimi inkişafına, həm də maliyyə bazarının güclənməsinə təsir göstərir. Uzun müddətdə bu sistem dövlət büdcəsinin üzərindəki yükü azaldacaq, çünki sığorta mexanizmi vasitəsilə tibbi xərclərin bir qismi xüsusi fondlar vasitəsi ilə qarşılanacaq. Bununla yanaşı, tibbi xidmətlərin keyfiyyəti də mərhələli şəkildə yaxşılaşacaq. Sığorta institutunun formalaşması ümumilikdə maliyyə bazarının genişlənməsinə şərait yaradır. Bu proses həm iqtisadi çevikliyi artırır, həm də əhalinin sosial müdafiə sisteminə daha ciddi şəkildə qoşulmasını təmin edir. Bütün bu tədbirləri birlikdə qiymətləndirsək, demək olar ki, yaxın illərdə Naxçıvanda iqtisadi canlanma daha da güclənəcək. Regionun əmək bazarına, biznes mühitinə və sosial rifahına bunun müsbət təsiri aydın görünəcək. Hesab edirəm ki, bu istiqamətdə davam edən proseslər nəticəsində Naxçıvan tibb, sığorta və xidmət sektorlarında əvvəlkindən daha böyük rol oynaya bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər