Naxçıvanda vergi daxil olmaları 15% artıb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 233 milyon manat vergi daxil olub.
Mövzu ilə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşən Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki,
Naxçıvanda vergi gəlirləri 15% artıbsa, bu kifayət qədər yüksək rəqəmdir:
"Ona görə də bu nəticəni yalnız iqtisadi amillərlə açıqlamaq çətindir. Hesab edirəm ki, burada daha çox Naxçıvan iqtisadiyyatında baş verən instutsional dəyişikliklərin rolu vardır. Konkret olaraq, kölgə iqtisadiyyatının məhdudlaşdırılması, qeydiyyat sistemlərinin və hesabatlılığın inkişaf etdirilməsi burada önəmlidir. Əgər vergi gəlirləri belə böyük həcimdə artıbsa, bunun çox az hissəsini iqtisadi artımla açıqlaya bilərik. Yəqin ki, bu gəlirlərin daha böyük hissəsi kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində əldə olunub. Bildiyiniz kimi Naxçıvana uzun müddət Azərbaycanın Dövlət Büdcəsindən yardımlar ayrılıb. Yəni Naxçıvan büdcəsi uzun müddət öz xərclərini vergi gəlirləri ilə tam qarşılaya bilməyib. Buna görə də, vergi gəlirlərinin artması Naxçıvanın fiskal dayanıqlılığı baxımından çox əhəmiyyətlidir. Kifayət qədər mürəkkəb bir coğrafiyada yerləşən Naxçıvan regionunumuzun hər baxımdan, o cümlədən də fiskal baxımdan dayanıqlılığı bizim üçün strateji məsələdir. Ancaq nəzərə almaq lazımdır ki, kölgə iqtisadiyyatı ilə mübarizə yolu ilə vergi gəlirlərini artırma imkanları da məhduddur. Yəni bu mənbədən istifadənin müəyyən bir həddi vardır. Çalışmaq lazımdır ki, gələcək illərdə Naxçıvandakı vergi gəlirləri daha çox davamlı iqtisadi artımın nəticəsi olaraq artsın. Bu isə Naxçıvan iqtisadiyyatının hərtərəfli inkişafını tələb edir".
Günel Əlili
