00:00:00
Yazar
Güllər Gülhüseynova
13.08.2026 21:08 14 2 dəq oxuma
İqtisadiyyat

Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın inkişafına dövlət səviyyəsində göstərilən ardıcıl və məqsədyönlü diqqətin növbəti mühüm göstəricisi oldu. Səfər çərçivəsində həyata keçirilən layihələrin açılışında iştirakı, yeni obyektlərin təməlinin qoyulması və müxtəlif sahələrdə görülən işlərlə tanışlığı Naxçıvanın hərtərəfli inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Enerji, sosial, nəqliyyat və infrastruktur sahələrində reallaşdırılan layihələr Naxçıvanın iqtisadi potensialının gücləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə hesablanıb.

 

Bu fikirləri Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,Naxçıvanın hərtərəfli inkişafı Azərbaycanın dövlət siyasətində xüsusi əhəmiyyət daşıyır:

 

“Bunun əsas səbəbi regionun həm strateji coğrafi mövqeyi, həm Türkiyə və İranla sərhəddə yerləşməsi, həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat bağlantısının gücləndirilməsinin vacibliyidir. Naxçıvanın iqtisadi cəhətdən güclənməsi əhalinin rifahının yüksəldilməsi ilə yanaşı, regionun tranzit, ticarət və logistika imkanlarının genişlənməsinə, Azərbaycanın regional iqtisadi əlaqələrdə mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər. Burada əsas məqsəd Naxçıvanı yalnız subsidiyalar hesabına inkişaf edən region deyil, öz iqtisadi potensialı hesabına dayanıqlı gəlir və məşğulluq yaradan bir mərkəzə çevirmək olmalıdır”.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri həmçinin onu da qeyd edib ki, yeni investisiyalar üçün ən perspektivli sahələrdən biri nəqliyyat və logistika sektorudur:

 

“Naxçıvanın Türkiyə və İran istiqamətində yerləşməsi, gələcəkdə Azərbaycan ərazisinin digər hissələri ilə nəqliyyat əlaqələrinin genişlənməsi burada logistika mərkəzlərinin, anbar komplekslərinin, yükdaşıma və gömrük xidmətlərinin inkişafı üçün imkanlar yaradır. Sənaye, xüsusilə yerli xammal əsasında emal müəssisələrinin yaradılması da böyük potensiala malikdir. Kənd təsərrüfatı və qida sənayesi, meyvə-tərəvəz emalı, qablaşdırma, süd və ət məhsullarının istehsalı, mineral sular və digər yerli məhsulların brendləşdirilməsi investisiya baxımından cəlbedici ola bilər. Bu, həm daxili tələbatın ödənilməsinə, həm də Naxçıvan məhsullarının ixracına imkan verər. Turizm də mühüm istiqamətdir. Naxçıvanın tarixi abidələri, dağlıq əraziləri, müalicəvi və təbii resursları əsasında sağlamlıq, mədəniyyət, ekoturizm və qış turizmi inkişaf etdirilə bilər. Bunun üçün müasir hotellər, istirahət kompleksləri və turizm infrastrukturu yaradılması vacibdir. Bundan başqa, günəş enerjisi və digər bərpa olunan enerji layihələri, rəqəmsal xidmətlər, informasiya texnologiyaları və kiçik və orta sahibkarlığın inkişafı da perspektivlidir. Əsas məsələ investisiyaların yalnız tikinti və xidmət sektoruna deyil, əlavə dəyər yaradan, ixracyönümlü və uzunmüddətli məşğulluq formalaşdıran sahələrə yönəldilməsidir”.

 

Güllər Gülhüseynova

#yeni #naxçıvanın #inkişafı #dövlət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər