Nazirlik: Məktəblərdə kompüter və internet problemi yoxdur
Nazir müavini Həsən Həsənli bildirib ki, Azərbaycan məktəblərində kompüter və internet çatışmazlığı yoxdur. O, İT ixtisaslarına marağın artdığını və bunun ölkə iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Həsənli əvvəlki illərdə məktəblərin texnologiya ilə təminatının gücləndirilməsini vacib addım kimi qiymətləndirib və bunun müəllimlərin imtahan prosesində də kömək etdiyini deyib.
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dünyada təhsildə süni intellekt, robotexnika və ümumiyyətlə rəqəmsal bacarıqlar sürətlə tətbiq edilir:
“Biz isə hələ ki bu yenilikləri imitasiya edir və tətbiqində çox gecikirik. Təsadüfü deyil ki, respublikada ilk "robot müəllim"in təqdimatını özəl təhsil müəssiəsi-Hədəf şirkətlər qrupu keçirib. Ümumtəhsil məktəblərində yeni təhsil modulları adətdən ilk növbədə pilot layihə kimi həyata keçirilir və buda bir neçə ilin itirilməsi deməkdir. Halbuki tez və sürətlə yenilənən cəmiyyətimizə ən tez reaksiya da təhsil sahəsində olmalıdır. Süni intellektin və ümumiyyətlə rəqəmsal təhsilin tətbiqində ən böyük çatışmazlıq kadr məsələsidir. Müəllimləri təlimə cəlb etmək asandır lakin bu təlimərin effektiv olması üçün təlimçilərin özünün xarici ölkələrin inkişaf etmiş ölkələrində sözün əsl mənasında təhsil alması vacibdir. Bu gün Azərbaycanın xaricdən istənilən qədər təhsil resursları- robotexnika avadanlıqları gətirməyə maliyyə imkanları var, lakin bu avadanlıqların təyinatı üzrə effektiv tətbiqi kadr baxımından mümkün deyil. Məsələyə kompleks yanaşılmalıdır, məsələn biz artıq ali məktəblərdə sırf süni intellektin tədrisi üçün pedaqoji ixtisaslar yaratmalı idik və bu ixtisasın ilk buraxılış ilində onları hazır labaratoriyaların təşkil edildiyi məktəblərə təyinatını verməli idik. Hazırda məktəblərin internet və kompüterlə təminatında müəyyən irəliyişlər olsa da çox ciddi çatışmazlıqlar da var”.
Mələk Hüseynova
