Neft bahalaşmaqda davam edib
Dünya bazarlarında neft bahalaşmaqda davam edir, hazırda “Brent” markalı neft 65,96 dollara, yüngül neft 62,25 dollara təklif edilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, neft qiymətlərinin artmasının əsas səbəbi tələb-təklif balansının pozulması ilə bağlıdır:
"Bu artım tələbin çoxalmasından deyil, təklifin məhdudlaşmasından irəli gəlir. Təklifin azalması nəticəsində qiymətlər yüksəlir və bu da dolayı yolla tələbi artırır. Məlumdur ki, geosiyasi gərginliklər – İranla bağlı sanksiyaların tətbiqi, Rusiya və ABŞ arasındakı münasibətlərin kəskinləşməsi, ABŞ-Çin iqtisadi qarşıdurması və OPEC ölkələrinin neft hasilatını azaltmaq barədə qərarları – neft bazarına təsir edən əsas amillərdəndir. Təklifin azalması nəticəsində neftin qiyməti yüksəlir. Neftin bahalaşmasının isə Azərbaycan iqtisadiyyatına təsiri barədə demək olar ki, hazırkı qiymət artımı qısamüddətlidir. Çünki bazarda qiymətlər tez-tez dəyişir: bir neçə gün sonra qiymət enə də bilər, arta da bilər. Yəni bu gün verdiyimiz qiymətləndirmə ancaq mövcud vəziyyətə aiddir. Lakin uzunmüddətli dövrdə əgər neftin qiyməti davamlı olaraq artsa, bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Çünki dövlət büdcəsinin əsas hissəsi neft gəlirlərindən formalaşır. Bu gəlirlər hesabına qeyri-neft sektoru inkişaf etdirilir, milli valyutanın sabitliyi qorunur. Azərbaycan idxalçı ölkədir və istehsal sahələri tam inkişaf etmədiyindən bir çox zəruri malları xaricdən alırıq. Neft gəlirlərinin artması ölkənin tədiyə və ticarət balansını tarazlaşdırmağa kömək edir. Statistikaya baxsaq, illərdir bu balans yalnız neft gəlirləri hesabına qorunur. Həmçinin, neft gəlirlərinin azalması ticarət saldosunun da azalmasına səbəb olur. Məlumdur ki, ölkəmizdə bir neçə ildir devalvasiya baş vermir, milli valyuta sabit qalır. Bu sabitlik də neft gəlirlərinin hesabınadır. Ümumilikdə, neftin qiymət artımı vətəndaşların sosial rifahının da yüksəlməsinə şərait yaradır. Hər il dövlət büdcəsinə əsasən əməkhaqları, pensiyalar və sosial müavinətlər artır. Neft gəlirlərinin çoxalması bu artımların davamlı olmasına imkan verir".
Həmçinin ekspert qlobal iqtisadi gərginliklərin neft bazarına təsiri barədə də danışıb:
"Qlobal iqtisadi gərginliklər neft bazarına birbaşa təsir göstərir. Neftin uzunmüddətli bahalaşması enerji sektoruna təsir etməklə yanaşı, mal və xidmətlərin qiymətini də artırır. Bu, qlobal miqyasda inflyasiyanın yüksəlməsinə səbəb olur. Baxmayaraq ki, neftin bahalaşması Azərbaycan üçün iqtisadi baxımdan sərfəlidir, lakin biz idxalçı ölkə olduğumuz üçün bu, eyni zamanda idxal etdiyimiz məhsulların qiymətinin artmasına gətirib çıxarır. Enerji qiymətlərinin bahalaşması Çin, Rusiya və Avropa kimi əsas ticarət tərəfdaşlarımızda istehsal xərclərini artırır və bu da ölkəmizə idxal olunan malların qiymətinə təsir edir. Yekunda qeyd edim ki, qlobal iqtisadi gərginliklər fonunda uzunmüddətli proqnoz vermək üçün baş verən prosesləri izləmək lazımdır. İqtisadiyyat sahələri bir-birilə sıx əlaqədə olduğundan, hər hansı hadisə digərinə zəncirvari təsir göstərir. Buna görə də, bu məsələlərə qiymət verərkən proseslərin gedişatına diqqətlə baxmaq vacibdir".
Qəmər Kazımzadə
