Neft bazarında qiymətlər yenidən yüksəlir - İQTİSADÇI AÇIQLAYIR
Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur. Qlobal neft bazarında yaranan müxtəlif risklər qiymətlərin yüksəlməsinə təsir göstərir. Artan qiymətlər neft ixrac edən ölkələrin gəlirlərinə də təsir edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neft qiymətlərinin əsas artım səbəbi qlobal bazarda ixrac imkanlarının zəifləməsi və bunun neft təklifinə əlavə təzyiq yaratmasıdır:
“Səudiyyə Ərəbistanının ixrac imkanlarının zəifləməsi, Şərq-Qərb boru xəttinin müvəqqəti də olsa sıradan çıxması dünya bazarında neft qiymətləri üçün ciddi şokdur. Çünki bu hadisəyə qədər də Hörmüz boğazı ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsinin Rusiyanın ixrac imkanlarını zəiflətməsi neft bazarı üçün ciddi gərginlik yaradıb. Bu xətt vasitəsilə 4 %-lik ixrac aradan çıxır. Hətta müvəqqəti də olsa, gərgin olan neft bazarı üçün bu, qiymət artımı baxımından əlavə riskdir. Təbii ki, bu hadisə neft ixrac edən ölkələr üçün əlavə valyuta gəliri gətirəcək. Qiymət artımı onlar üçün faydalıdır, qısamüddətli valyuta gəlirlərinin artması müşahidə olunur. Amma proses uzunmüddətli davam edərsə, bu, qlobal iqtisadi artımın ləngiməsi, eyni zamanda qlobal inflyasiyanın artması nəticəsində hətta neft ixrac edən ölkələr üçün də əlavə başağrısına çevrilə bilər. Çünki qiymət artımı onların valyuta gəlirlərini artırsa da, sonradan idxalın bahalaşması əlavə sosial yük gətirir, əlavə xərclər ortaya çıxarır”.
Ekspert qeyd edib ki, Amerika İranın tankerlərini vurur, İran da Hörmüzdən keçən tankerləri vurur. Münaqişə davam edir. Əgər Hörmüz boğazı ətrafında gərginlik davam edərsə, Amerika və İran Hörmüzün açılması istiqamətində addımlar atmazsa, qiymətlər ciddi şəkildə arta bilər. Hazırda qiymətlər təqribən 100 dollar ətrafındadır. Neftin qiyməti 75 dollar ətrafına qədər düşüb, sonradan yenidən Amerika ilə İran arasında münasibətlərin gərginləşməsi, sülh danışıqlarının dayanması və Hörmüz boğazı ətrafında gərginliyin artması qiymətlərin yüksəlməsinə səbəb olub.
Xalid Kərimlinin sözlərinə görə, hazırda dünya bazarında neft qiymətlərini müəyyənləşdirən əsas faktor geosiyasi gərginlikdir. Hörmüz boğazı və Qırmızı dəniz ətrafında husi- Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə ortaya çıxan yeni məsələlər neft bazarına təsir göstərir. Gərginlik artdıqca qiymətlər yüksəlir, gərginliyin azalması isə qiymətləri aşağı salır. Neftin ixracı ilə bağlı ortaya çıxan xəbərlər əsas rol oynayır. Bu xəbərləri müəyyənləşdirən əsas faktorlar isə Amerika-İran münasibətləri və husilərin dünya bazarı üçün yaratdığı problemlərdir.
Ekspert qeyd edir ki, qiymətlərin yüksək olması Azərbaycan dövləti üçün ilkin mərhələdə maraqlıdır. Çünki ölkənin dövlət büdcəsi və ümumilikdə maliyyə planı neftin 65 dollar qiyməti əsasında proqnozlaşdırılıb. Qiymətlər bu il 9 ay ərzində kifayət qədər yüksək olub, hətta hökumətin müəyyənləşdirdiyi proqnozlardan da yüksək olub. Qiymətlərin hər 10 dollar artmasının ölkəmizə faydası 2,2 milyard manatdır. Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərinin artmasına yönəlir, qalan 400 milyon manat isə dövlət büdcəsinin gəlirlərini artırır. Qiymətlərin orta hesabla 85-90 dollardan yuxarı olması dövlətin gəlirlərini ilkin mərhələdə artırır. Qiymətlər müəyyən qədər aşağı düşsə də, hələ də yüksəkdir.
Arzum Ağazadə