00:00:00
Yazar
Admin User
06.10.2025 17:34 147 3 dəq oxuma
İqtisadiyyat

“Neft hasilatının artması Rusiyanın gəlirlərinə müsbət təsir göstərə bilər”

“Neft hasilatının artması Rusiyanın gəlirlərinə müsbət təsir göstərə bilər”

Rusiya enerji gəlirlərini artırmaq məqsədilə neft hasilatını genişləndirib. Bu addım ölkə iqtisadiyyatına əlavə gəlir gətirə bilər, lakin ekspertlər qiymət dalğalanmaları, müharibə faktorları və qlobal bazar şərtlərini nəzərə almağın vacib olduğunu bildirirlər. Hasilatın artırılması həm daxili iqtisadi göstəricilərə təsir edəcək, həm də beynəlxalq bazarda qiymət dinamikasını dəyişə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, neft hasilatının artması Rusiyanın gəlirlərinə müsbət təsir göstərə bilər, lakin bu, bir neçə vacib amildən asılıdır:

 

“Neft hasilatının artırılması Rusiyanın gəlirlərini müəyyən qədər yüksəldə bilər. Amma qiymət faktorunu nəzərə almaq vacibdir. Son aylarda dünya bazarında neft qiymətləri 10%-dən çox ucuzlaşıb. Bu baxımdan sual yaranır. Rusiya hasilatı artıraraq qiymət azalmasını kompensasiya edə biləcəkmi? Təbii ki, hasilatın artımı yalnız Rusiyaya deyil, bütün dünya bazarına təsir edir. Hasilatın genişlənməsi yalnız texniki imkanlarla məhdudlaşmır, həm də geosiyasi və müharibə faktorları ilə sıx bağlıdır. Rusiyada böyük neft ehtiyatları mövcuddur, lakin hasilatın artırılması üçün infrastruktur və şəbəkələrin sağlamlığı vacibdir. Son aylarda münaqişə şəraiti və dron hücumları bir sıra neft zavodlarına və paylama şəbəkələrinə zərbələr vurub. Bu, hasilatın davamlılığına və gəlirliliyə mənfi təsir göstərir. Rusiyanın bu zərbələrdən sonra infrastrukturunu bərpa edib-etməyəcəyi gələcəkdə hasilatın həcminə birbaşa təsir göstərəcək. Neft hasilatının artımı dünya bazarında qiymətlərin dinamikasına da təsir edir. Hasilatın artması qlobal bazarda təklifin çoxalmasına səbəb olur və bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Bu baxımdan Rusiya üçün hasilatın artırılması həm gəlir gətirəcək, həm də qiymət risklərini artıracaq. Eyni zamanda, digər iri neft istehsalçıları – Səudiyyə Ərəbistanı, ABŞ və Braziliya da bazarda rəqabət aparır, yəni qiymət dalğalanmaları yalnız Rusiyanın hərəkətlərindən asılı deyil".

 

Ekspert həmçinin qeyd edib ki, müharibə faktorunu nəzərə alaraq, Rusiyanın neft hasilatının uzun müddət artırılması çətin ola bilər:

 

“Hazırda müharibə və infrastruktur zərbələri Rusiyanın hasilat və ixrac imkanlarına mənfi təsir göstərir. Bununla belə, ölkə resurslarını bərpa etməyə və neft şəbəkələrini yenidən qurmağa çalışır. Bu proses nə qədər səmərəli olacaq, gələcəkdə hasilatın davamlılığı üçün əsas göstərici olacaq. Bundan başqa, dünya bazarındakı qiymət dəyişkənliyi də Rusiyanın gəlirlərinə birbaşa təsir edir. Rusiya üçün hasilatın artırılması yalnız iqtisadi deyil, strateji qərardır. Neft hasilatının artırılması Rusiyanın beynəlxalq mövqeyini də gücləndirir. Enerji ixracı ölkəyə yalnız maliyyə gəlirləri gətirmir, həm də geopolitik təsir imkanlarını genişləndirir. Lakin bu addımın effektivliyi həm bazar qiymətlərindən, həm də qlobal enerji tələbindən asılıdır. Eyni zamanda, müharibə şəraiti və sanksiyalar Rusiyanın hasilat imkanlarını məhdudlaşdırır, bu da uzunmüddətli planlamada risk yaradır. Hasilatın artımı həmçinin daxili iqtisadiyyat üçün də əhəmiyyətlidir. Bu artım yeni iş yerlərinin yaradılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və enerji sektorunun inkişafına xidmət edəcək. Lakin uzunmüddətli perspektivdə Rusiyanın hasilat artımını davam etdirə bilməsi geosiyasi risklərdən və beynəlxalq bazar şərtlərindən asılı olacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər