“Neft qiymətlərinin qalxması Azərbaycana əlavə gəlirlər gətirir” - ŞƏRH
Hörmüz boğazı üzərində nəzarət tamamilə İran Silahlı Qüvvələrinin əlindədir.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı tamamilə İranın nəzarətində deyil:
“Bu, İranın təbliğat vasitəsidir. Bəli, Hörmüz boğazına təsir edə bilir, amma tamamilə nəzarəti əlinə keçirdiyini demək doğru deyil və bunu heç kim qəbul etməz. Nəinki Amerika Birləşmiş Ştatları, nə Körfəz ölkələri, nə də digər dünya ölkələri bunu qəbul edər. Beynəlxalq hüquqa görə də Hörmüz boğazı tam sərbəst şəkildə gəmilərin keçməsi üçün nəzərdə tutulub. Ona görə də buna informasiya savaşının bir tərkib hissəsi kimi baxmaq lazımdır. Amma bəli, Hörmüz boğazındakı gərginlik dünya neft və enerji bazarına çox ciddi mənfi təsir göstərir. Elə qiymətlərin son zamanlar kəskin artması da bunun nəticəsidir və bu qiymətlərin çox yüksəlməsi dünya iqtisadiyyatı üçün də yaxşı heç nə vəd etmir. Çünki bu, dünyada inflyasiyanı, qiymət artımını sürətləndirən amilə çevrilib. Azərbaycan enerji ixracatçısıdır. Təbii ki, bu situasiyaya görə neft qiymətlərinin qalxması Azərbaycana əlavə gəlirlər gətirir. Amma Azərbaycan həm də idxal ölkəsidir, yəni biz demək olar ki, çox şeyi dünya ölkələrindən idxal edirik və ona görə də enerji daşıyıcılarının qiymətinin artması həm də inflyasiyanı yüksəldən amildir. O cümlədən, Azərbaycanda idxal inflyasiyasının kəskin artdığının şahidi oluruq. Bu nöqteyi-nəzərdən baxanda, bəli, bir tərəfdən valyuta gəlirlərimiz artır, amma digər tərəfdən də ölkəyə gətirilən malların bahalaşması ölkədəki qiymət artımını və inflyasiyanı sürətləndirən amilə çevrilir”.
Aytac İbrahimova